...

İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilib – Prezident İlham Əliyev

Siyasət Materials 17 Noyabr 2010 22:12 (UTC +04:00)
İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir, bunu Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakıda İran Prezidenti Mahmud Əhmədinejadla görüşündən sonar mətbuata verdiyi bəyanatında bildirib.
İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilib – Prezident İlham Əliyev

İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir, bunu Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakıda İran Prezidenti Mahmud Əhmədinejadla görüşündən sonar mətbuata verdiyi bəyanatında bildirib.

"Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün münasibətlərimizin xüsusi əhəmiyyəti vardır" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı deyib ki, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri bu gün geniş müzakirə olunub.
"Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir.
Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpağlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır.
Mən ümid edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün əlbəttə ki, biz daha da güclü olmalıyıq. Bu barədə bu gün fikir mübadiləsi aparılmışdır. Deyə bilərəm ki, bu gün biz bütövlükdə çox geniş fikir mübadiləsi apardıq. Həm regional məsələlər, ikitərəfli münasibətlər, həm də Xəzəryanı ölkələr arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu fikir mübadiləsi çox müsbət olmuşdur" Prezident çıxışında söyləyib.

İlham Əliyev İran Prezidentinin gözəl bayram günlərində Azərbaycana səfər etməyinə şad olduğunu bildirib.
"Bir daha demək istəyirəm ki, Sizin səfərinizə Azərbaycanda çox böyük əhəmiyyət veririk! Mən əminəm ki, səfərin çox gözəl və uğurlu nəticələri olacaqdır! Mən çox şadam ki, Siz Azərbaycana gözəl bayram günlərində səfər edirsiniz! Bu fürsətdən istifadə edərək Sizi və bütün qardaş İran xalqını, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Səfərin çox gözəl nəticələri vardır. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir daha mövqeyimizi ifadə etdik ki, ikitərəfli münasibətlərin bundan sonra da inkişafı uğurla davam etməlidir. Biz bütün sahələrdə uğurlu əməkdaşlığımızın dərinləşməsi üçün səylərimizi qoymağa çalışırıq və buna nail oluruq" dövlət başçısı deyib.
 
İlham Əliyev Azərbaycanla İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
"Aramızda çox güclü siyasi dialoq aparılır. Biz Sizinlə mütəmadi qaydada həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşür, fikir mübadiləsi aparırıq. Xarici işlər nazirləri, digər nazirlər vaxtaşırı görüşürlər. Yəni, siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdə inkişafa səbəb olur və beləliklə, əlaqələrimiz daha da güclənir.
Beynəlxalq təşkilatlarda əməkdaşlığımızın çox böyük əhəmiyyəti vardır. Biz BMT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatında bütün dövrlərdə çox uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu dəstək gündən-günə güclənir. Bu gün biz bununla bərabər iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Fikrimiz ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi daha da sürətlə inkişaf etdirməliyik. Bugünkü ticarət dövriyyəsinin səviyyəsi nə İran tərəfini, nə də bizi qane edir. Əminik ki, ölkələrimizdə mövcud olan potensial bizə imkan verəcək ki, yaxın zamanlarda ticarət dövriyyəsini bir neçə dəfə artıraq. Biz buna çalışırıq və müvafiq göstərişlər verilmişdir.
Əminəm ki, bu gün enerji və nəqliyyat sahəsində imzalanmış Anlaşma Memorandumunun icrası nəticəsində ticarət dövriyyəmiz də böyük dərəcədə artacaqdır. İmzalanmış memorandum çoxşaxəlidir. Orada bütün məsələlər, vacib, konkret layihələr əksini tapıb. Nəqliyyat sektorunda Şimal-Cənub dəhlizinin yaradılması və bu sahədə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur, birgə elektrik güclərinin yaradılması məsələləri öz əksini tapıb. Elektrik xətlərinin birləşdirilməsi, qaz sahəsində əməkdaşlıq, yəni, bütün enerji və nəqliyyat sektorunu əhatə edən məsələlər Anlaşma Memorandumunda göstərilibdir. Müvafiq tapşırıqlar verilibdir ki, biz tezliklə memorandumun icrasına başlayaq.
Enerji sektorunda əməkdaşlığın artıq gözəl tarixi vardır. Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl üzərində qurulmuş bu əlaqələr əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr müzakirə olunur. Ümid edirəm ki, həm İran tərəfində, həm Azərbaycan tərəfində hazırda görülən işlər, qoyulan sərmayə gələcəkdə enerji sahəsində əməkdaşlığın daha da genişlənməsini təmin edəcəkdir.
Münasibətlərimizin çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq. Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır" Prezident bildirib.

Xəbər lenti

Xəbər lenti