...

Azərbaycan diplomatları Arizona ştatına səfər ediblər (FOTO)

Siyasət Materials 19 Noyabr 2010 12:31 (UTC +04:00)
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov Arizona ştatına səfər ediblər.
Azərbaycan diplomatları Arizona ştatına səfər ediblər (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov Arizona ştatına səfər ediblər. Ştatın mərkəzi şəhəri Finiksdə diplomatlar Arizonanın Ticarət Palatası ilə birgə seminarda iştirak ediblər. Fikir mübadiləsi zamanı əsas diqqət Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, o cümlədən alternativ enerji mənbələri və yeni texnologiyalar sahəsinə yönəldilib.

Amerika universitetlərində baş konsul tərəfindən aparılan Azərbaycan haqqında silsilə mühazirələr çərçivəsində Süleymanov Tempe şəhərində Arizona Dövlət Universiteti və Tuson şəhərində Arizona Universitetinin müəllim və tələbə heyəti qarşısında çıxış edib. Diplomat vurğulayıb ki, Azərbaycan rəhbərliyi müstəqil kurslar aparır və Azərbaycan xalqının milli maraqları və praqmatizmə əsaslanan uzunmüddətli baxışlardan çıxış edərək enerji təhlükəsizliyi, regional inteqrasiya sahəsində öz siyasətini qurur. Məhz bu, uğurlu müstəqil dövlətin xarakteristikalarından biridir. Tərəfdaşlıq münasibətlərində Azərbaycanın hər zaman etibarlılığı ilə seçilməsini vurğulayan baş konsul ölkə tərəfdaşları, o cümlədən ABŞ tərəfindən qarşılıqlı strateji yanaşmanın vacibliyini xüsusi qeyd edib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının uzun illərdir davam edən qanunsuz işğalı dünya və region üçün təhlükə yaratsa da, beynəlxalq ictimaiyyətin üzvləri Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün mövcud imkanlardan tamamilə istifadə etmir.

Baş konsul həmçinin tolerantlıq prinsiplərinin yayılması və mədəni dialoq üzrə Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti barədə danışıb. Həmçinin vurğulanıb ki, mədəniyyətlərarası dialoqun inkişafı üçün bütün tərəflər radikalizm, ikili standartlar və ayrı-seçkilikdən imtina etməlidirlər.

Azərbaycan diplomatlarının səfəri yerli mətbuatda işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti