Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Bu barədə cümə günü Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib.
Noyabrın 26-da Yunanıstanın Saloniki şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN Şurasının növbəti iclası keçiriləcək.
QİƏT-in rəsmi saytının verdiyi məlumata görə, noyabrın 24-25-də Salonikidə təşkilata üzv olan ölkələrin rəsmi nümayəndələrinin komitə iclası da keçiriləcək.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı - 12 Qara dəniz sahili və Cənubi Balkan dövlətlərini birləşdirən hökumətlərarası təşkilatdır. QİƏT 1999-cu il mayın 1-də 1992-ci il 25 iyundan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı haqqında müqavilənin bazasında yaradılıb. Təşkilatın mənzil-qərargahı İstanbulda yerləşir.
QİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə, və Ukrayna daxildir. Təşkilatın təsisçiləri (1992-ci il) bu günə qədər Yunanıstanla strukturun fəaliyyətində aparıcı rol oynayan Türkiyə və Rusiyadır. QİƏT-in orqanları Salonikidə fəaliyyət göstərən Qara dəniz Ticarət və İnkişaf Bankı, Qara dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi (Afina), həmçinin Layihələrin İnkişaf Fondu və QİƏT-in Parlament Assambleyasıdır.
QİƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının sonuncu iclası ötən ilin mayında Sofiyada keçirilib.
İlin sonuna qədər Yunanıstan təşkilata rəhbərlik edəcək.