Türkmənistan, Aşqabad, 3 dekabr /Trend, müxbir H.Həsənov/
Türkmənistanın xarici siyasət kursu regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm amildir. Bu barədə ABŞ-ın dövlət katibi Hillari Klinton Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı bildirib. Xəbəri cümə günü yerli KİV yayıb.
Görüş 1-2 dekabrda Astanada keçirilən ATƏT sammiti çərçivəsində baş tutub. "Altın Əsr" milli televiziyasının məlumatında deyilir ki, Klinton ABŞ Prezidenti Barak Obamanın salamını çatdırıb.
Türkmənistan müsbət neytrallıq siyasəti yürüdür. Bu il dekabrın 12-də ölkə statusun elan edilməsinin 15 illiyini qeyd edəcək.
TV-nin məlumatına görə, tərəflər dövlətlərarası münasibətlərin müsbət dinamikasını qeyd ediblər. Bundan başqa, ABŞ-ın dövlət departamentinin rəhbərinin Ağ Evin Türkmənistan rəhbərliyinin BMT-nin yüksək tribunasından irəli sürdüyü "təşəbbüsləri alqışlaması və dəstəkləməsi" fikri xatırladılıb.
Bu təkliflər enerji təhlükəsizliyinin təmin olunması aspektlərinə aiddir və 2010-cu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyasında səsləndirilib.
Türkmənistan, həmçinin Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələri üçün BMT-nin bir sıra ixtisaslaşdırılmış mərkəzlərinin yaradılması, regionda təhlükəsizlik, sülh və əməkdaşlıq üzrə forumun təsis olunması təklifi ilə çıxış edib. Bundan əlavə, Aşqabad BMT-nin himayəsi altında əfqanlarla sülh danışıqlarının aparılmasına hazırlığını da bəyan edib.
Aşqabadda Mərkəzi Asiya dövlətləri üçün qabaqlayıcı diplomatiya üzrə BMT regional mərkəzinin mənzil-qərargahı yerləşir.