...

Britaniya diplomatları İranın nümayəndə heyəti ilə ikitərəfli görüşü planlaşdırmayıblar – Böyük Britaniya XİN

Siyasət Materials 9 Dekabr 2010 09:00 (UTC +04:00)
Britaniya diplomatları Cenevrədə keçirilən danışıqlarda İran nümayəndə heyətindən ikitərəfli görüşün keçirilməsini xahiş etməyiblər. Bu barədə Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi deyib.
Britaniya diplomatları İranın nümayəndə heyəti ilə ikitərəfli görüşü planlaşdırmayıblar – Böyük Britaniya XİN

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir T.Konyayeva/

Britaniya diplomatları Cenevrədə keçirilən danışıqlarda İran nümayəndə heyətindən ikitərəfli görüşün keçirilməsini xahiş etməyiblər. Bu barədə Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi deyib.

"Biz ikitərəfli görüş deyil, plenar iclas keçirmək niyyətində olmuşuq və hətta bu barədə xahiş də etməmişik. Bütün tərəflər danışıqları "altılığ"ın ümumi görüşləri çərçivəsində aparıblar", - Trend-ə elektron poçtla Böyük Britaniya XİN-in rəsmi nümayəndəsi bildirib.

Çərşənbə günü İranın nüvə proqramı üzrə baş elçisinin müavini Əbülfəz Zöhrəvənd bildirib ki, Cenevrədə keçirilən danışıqlarda iştirak edən İran nümayəndə heyəti Böyük Britaniyanın nümayəndə heyətinin danışıqlar çərçivəsində görüşmək barədə xahişini rədd edib.

İranla "altılıq" arasında yüksək səviyyəli danışıqlar bazar ertəsi Cenevrədə başlayıb. İclasda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Aİ-nin xarci işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edib. İranı danışıqlarda Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şuranın katibi Səid Cəlili təmsil edib.

Eşton danışıqların yekunları üzrə bəyanatla çıxış edib.

"Əsas mövzusu İranın nüvə proqramı olan ikigünlük ətraflı danışıqlar apardıq. İran öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir", - Eştonun bəyanatında deyilir.

Eşton bəyanatda qeyd edib ki, onun təmsil etdiyi ölkələr beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı narahatlığına səbəb olan məsələlərin həlli axtarışında yekdildirlər.

"Biz İranının hüquqlarını tanıyırıq, lakin onun öz öhdəliklərini yerinə yetirməsində təkid edirik. Biz qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı ümumi mövqelərin tapılmasına bütün səylərimizi yönəltməyə hazırıq", - bəyanatda bildirilir.

Məlumata əsasən, tərəflər danışıqları yanvarın sonunda İstanbulda davam etdirmək barədə razılığa gəliblər. Orada onlar nüvə probleminin həllində praktiki fikirləri və əməkdaşlıq üsullarını müzakirə etməyi planlaşdırırlar.

Cenevrədə görüşlər zamanı tərəflər kütləvi qırğın silahlarının yayılmaması rejimi, silahsızlaşma və dinc nüvə araşdırmaları daxil olmaqla, geniş əhatəli məsələləri müzakirə ediblər. Hər üç məsələ iki il əvvəl İranın "altılığ"a göndərdiyi təkliflər paketinə daxil edilib.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.

İran dəfələrlə bəyan edib ki, onun nüvənin işlənib hazırlanmasına hüququ muzakirələrin mövzusu deyil.

Xəbər lenti

Xəbər lenti