...

ABŞ-ın Azərbaycandakı səfirliyi yaxın vaxtlarda səfirin gəlişini gözləyir

Siyasət Materials 30 Dekabr 2010 15:10 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident Barak Obamanın Metyu Brayzanı Azərbaycana səfir təyin etməsini alqışlayır və yaxın vaxtlarda onun Azərbaycana gəlişini gözləyir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin cümə axşamı Trend-ə bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyi yaxın vaxtlarda səfirin gəlişini gözləyir

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident Barak Obamanın Metyu Brayzanı Azərbaycana səfir təyin etməsini alqışlayır və yaxın vaxtlarda onun Azərbaycana gəlişini gözləyir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Bin cümə axşamı Trend-ə bildirib.

"Xoşbəxtik ki, bizə Prezidentin qərarı ilə təyin olunan səfir gələcək. Lakin hələlik onun gəlişinin dəqiq tarixi məlum deyil", - Bin deyib.

O, əlavə edib ki, diplomatın Bakıya gələcəyi tarix bir sıra məsələlərin həll olunmasından sonra müəyyənləşəcək.

Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib. Bu barədə Ağ Evin mətbuat katibliyinin məlumatında bildirib.

ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüdyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdırlar. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.

Prezidentin əmri onun seçdiyi şəxslərə Senatın təsdiqini gözləmədən dərhal yeni vəzifələrinin icrasına başlamaq imkanı verir. Lakin Konqres növbəti sessiyasının sonunadək (2011-ci ilin noyabr-dekabrı) namizədləri təsdiqləməsə, bu əmr qüvvədən düşəcək.

Ağ ev xəbər verir ki, bu və ya digər namizəd öz müzakirələrini 147 gün gözləyərsə, Prezident Konqresin təsdiqi olmadan təyinat həyata keçirə bilər.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sentyabrın 22-də  Brayzanın Azərbaycana səfir təyin edilməsini təsdiq edib. Əvvəllər Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini olub.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Brayzanın namizədliyi rəsmən ABŞ prezidenti Barak Obama tərəfindən təklif edilib.

Azərbaycanda Amerika diplomatik missiyasının başçısı vəzifəsi  ötən ilin iyul ayında, ABŞ-in keçmiş səfiri Ann Dersinin səlahiyyət müddəti bitəndən sonra boş qalıb.

Metyu Brayza 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi köməkçisinin müavini təyin olunub. Bu vəzifədə Brayza Cənubi Qafqaz və Cənubi Avropa ilə əlaqələrə cavabdeh idi. O, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə və Qara dəniz və Xəzər dənizi regionlarında ABŞ-ın enerji siyasətinə rəhbərlik edib.

O, 2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi xidmət edib.

Xəbər lenti

Xəbər lenti