...

Müsavat Partiyasında növbəti istefa dalğası başlayıb (ƏLAVƏ OLUNUB-1)

Siyasət Materials 14 Yanvar 2011 17:47 (UTC +04:00)
Müsavat Partiyasında növbəti istefa dalğası başlayıb. Onlarla şəxs partiyanın Sumqayıt şəhər təşkilatından istefa vermək qərarına gəlib. Bu barədə cümə günü Trend-ə Müsavatın Sumqayıt şəhər təşkilatının Siyasi Şurasının üzvü, istefa verənlərdən biri Kəramət Salayev bildirib.
Müsavat Partiyasında növbəti istefa dalğası başlayıb (ƏLAVƏ OLUNUB-1)

Onuncu abzasdan sonra istefa verən şəxslərin bəyanatından çıxarışlar əlavə olunub (ilk xəbər 14:17-də, ikinci xəbər isə 14:43-də yayılıb)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasında növbəti istefa dalğası başlayıb. Onlarla şəxs partiyanın Sumqayıt şəhər təşkilatından istefa vermək qərarına gəlib. Bu barədə cümə günü Trend-ə Müsavatın Sumqayıt şəhər təşkilatının Siyasi Şurasının üzvü, istefa verənlərdən biri Kəramət Salayev bildirib. Onun sözlərinə görə, partiyanın siyasi kursu ilə razı olmadıqlarına görə belə addım atıblar.

Salayev deyib ki, istefa verənlər Müsavatın AXCP ilə birləşmə məsələsində tutduğu mövqeyə etirazlarını bildiriblər.

"Partiyadan istefa verməyimizin ilk səbəbi partiyanın AXCP ilə birləşmə siyasətindən imtina etməsidir. Birləşmə əleyhinə atılan addımlar Müsavatın 2013-cü ildə keçiriləcək prezident seçkilərindəki siyasi rəqabətdə iştirak etmək istəməməsindən xəbər verir", - Salayev əlavə edib.

O, qeyd edib ki, istefanın digər səbəbi partiya daxilindəki ideoloji toqquşmadır.

"Hazırda partiya daxilində ideoloji cəhətdən toqquşma var. Partiya daxilində mühafizəkarların fikirlərinə önəm verilməsi, onların nizamnaməyə uyğun olmayan addımlar atmasına şərait yaradılması və alternativ fikrə ögey münasibət bizim Müsavat Partiyasındakı siyasi fəaliyyət imkanlarımızı məhdudlaşdırır", - Salayev vurğulayıb.

Onun sözlərinə görə, istefa verənlər gün ərzində bəyanat yayacaqlar.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bir müddət öncə Trend-ə verdiyi məlumatda qeyd edib ki, partiya Məclisinin qərarı ilə AXCP ilə birləşmə məsələsinə son qoyulub.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Pariyadan istefa verən 15 nəfər artıq bəyanat yayıb.

"Siyasi durumu lehimizə dəyişməyin, xalqı öz hüquqları uğrunda aktiv mübarizəyə səsləməyin yolunu cəmiyyətin sosial tələbinə çevirən, yeni qüvvələrin demokratik düşərgəyə qayıdışı üçün stimul olan Müsavat və AXCP partiyalarının vahid quruma çevrilməsinin vacibliyini bildiririk. Lakin subyektiv maraqlardan çıxış edən siyasilərin iki ciddi siyasi təşkilatın birliyinə mane olan manevrləri, bizdə həmin siyasilərin yaxın hədəflərdən yayındıqları və hakimiyyət uğrunda gedən rəqabətdən geri çəkilmək yəqinliyi yaratdı", - bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan liderlərin, 1988-ci il Azadlıq Hərəkatının aparıcı şəxslərinin qısa müddət ərzində Müsavat Partiyasından istefaları, partiya rəhbərliyinin istefalara soyuq münasibəti partiyanın siyasi kursunda və perspektiv fəaliyyətində ciddi dəyişikliklərin baş verdiyindən xəbər verir.

"Zamanında Müsavat Partiyasının demokratik ənənələrə hörmətlə əməl etməsi məhz cəmiyyətimizin bizə rəğbətinə səbəb olub. Partiyada son illər demokratik prinsiplərin pozulması, müxalifətdə birliyin baş tutması üçün adekvat addımların atılmaması, Nizamnaməni şəxsiyyətlərin iradəsinə uyğunlaşdırmaq, partiya daxilində alternativ fikrə qarşı əsassız hücumlar, şəxsiyyətləri gözdən salma kampaniyasının bir qrup tərəfindən aparılması partiyada siyasi fəaliyyət imkanlarının tükəndiyinə dəlalət edir", - bəyanatda vurğulanıb.

Bəyanatda o da deyilib ki, AXCP-Müsavat birliyinin süni şəkildə uzadılması sıravi üzvlərin və həmin bəyanatı imzalayanların kəskin etirazına səbəb olub.

"Azərbaycanda hüquqi, demokratik siyasi sistemin qurulması uğrunda fəaliyyətimizin hələ qarşıda olduğunu, azadlıq və demokratiya ideallarına sadiq qaldığımızı, qarşıda bizi gözləyən siyasi marafonda real demokratların qələbəsinə inandığımızı bəyan edirik", - sənəddə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti