Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Azərbaycan Demokrat Partiyası (ADP) Misir Prezidenti Hüsnü Mübarəkin beynəlxalq məhkəməyə verilməsini tələb edir. Trend-in ADP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə partiyanın idarə heyətinin Misir hadisələri ilə bağlı qəbul etdiyi bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, ADP Misirdə baş verən kütləvi etirazları xalqın bu ölkədə uzun müddət davam edən rejimdən, bu rejimin xalqa tətbiq etdiyi soyğunçuluq siyasətindən, Hüsnü Mübarəkin rəhbərliyi altında hakimiyyətin respublikaçılıq ənənələrindən imtina etməsindən, diktator idarəetməsinə əsaslanan idarə üsulu formalaşdırılmasından boğaza yığılması nəticəsində meydana çıxmış demokratiya və hüquqlar uğrunda hərəkat kimi qiymətləndirir.
"ADP bu ölkədə baş verənlərin qanlı məcrada davam etməsinə və çoxsaylı dinc insanın gülləbaran edilməsinə, o cümlədən bir azərbaycanlı gəncin həlak olmasına görə dərin təəssüfünü bildirir və hesab edir ki, Hüsnü Mübarək beynəlxalq məhkəməyə verilməli və Beynəlxalq Birlik Misirdə baş verənlərə adekvat olaraq təcili addımlar atmalıdırlar", - bəyanatda deyilib.
Bəyanatda vurğulanıb ki, ADP Misirdə xalqın apardığı mübarizənin bu ölkədə demokratiya və hüquqi dövlətin bərqərar olmasına gətirib çıxaracağına inanır və Misir xalqı ilə mənəvi baxımdan həmrəy olduğunu bildirir.
Misir xalqı yanvarın 25-dən etibarən Prezident Hüsnü Mübarəkin istefası tələbi ilə etiraz aksiaları keçirir. Etiraz aksiyaları zamanı 150-dən atrıq adam ölüb, 4 mindən artıq insan yaralanıb. Ölənlər arasında Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı da olub.