...

Azərbaycanın müxalifət partiyasının sədri cinayət məsuliyyətinə cəlb oluna bilər

Siyasət Materials 7 Fevral 2011 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir T.Hacıyev/

Ölkədə "Azərbaycanın işğal edilmiş əraziləri haqqında" qanun layihəsi qəbul olunarsa, Müsavat başqanı İsa Qəmbər cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu barədə bazar ertəsi Trend-ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, BAXCP tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsinin 7-ci maddəsində qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla, təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar.

Mirzəbəyli deyib ki, bir müddət öncə Müsavat başqanı İsa Qəmbər Erməni Milli Konqresinin nümayəndələri ilə müqavilə imzaladığına görə və həmin müqavilənin hüquqi nəticələri bu gün də qaldığına görə, o da cinayət məsuliyyətinə cəlb oluna bilər.

"Qanunun geriyə qüvvəsi yoxdur, yəni bundan əvvəl baş verən proseslərə qanun tətbiq oluna bilməz. Lakin İsa Qəmbərin imzaladığı müqavilənin bu gün də hüquqi nəticələri mövcuddursa, qanun layhəsi qüvvədə qalırsa, təbii ki, bu qanun İsa Qəmbərə də, QHT-lərə də və istisnasız olaraq bütövükdə hər kəsə şamil edilə bilər", - Mirzəbəyli əlavə edib.

BAXCP funksioneri hesab edir ki, bu qanunun qəbul olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

"Belə bir qanun layihəsi 2008-ci ildə Gürcüstanda da qəbul olunub, qanunda nəzərdə tutulan məsələlərlə bağlı müəyyən addımlar atılır. Qonşu ölkədə bu qanuna istinad edərək qanunun tələblərini pozan şirkətlərə, yaxud fiziki şəxslərə qarşı müəyyən sanksiyalar tətbiq edilir. Gürcüstan qanunun həyata keçirilməsi istiqamətində digər dövlətlərlə ikitərəfli müqavilələr imzalayır", - o, bildrib.

Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli məsələyə münasibət bildirərkən qeyd edib ki, bu məsələnin İsa Qəmbərə hər hası bir formada aidiyyəti yoxdur.

"O şəxslər sadəcə olaraq İsa Qəmbərin və Müsavat Partiyasının adını çəkməklə gündəmə gəlmək istəyirlər", - Səmədbəyli Trend-ə deyib.

2010-cu ildə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının sədri David Usupaşvili birgə qarşılıqlı əməkdaşlıq haqqında Bəyannamə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti