...

Azərbaycanın müxalifət partiyaları hərəkatın bərpa olunmamasında bir-birlərini günahlandırır

Siyasət Materials 9 Fevral 2011 16:58 (UTC +04:00)
Azərbaycan müxalifətində bir çox məsələlərin həlli zamanı subyektiv faktorlar əsas götürülür. Bu barədə çərşənbə günü Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Azərbaycanın müxalifət partiyaları hərəkatın bərpa olunmamasında bir-birlərini günahlandırır

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri müxalifət hərəkatının yaradıla bilməməsində Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarını günahlandırıb.

Azərbaycan müxalifətində bir çox məsələlərin həlli zamanı subyektiv faktorlar əsas götürülür. Bu barədə çərşənbə günü Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, subyektiv faktorların əsas götürülməsi Qarabağ və Respublika Uğrunda Hərəkatın (QRUH) bərpa olunmasına maneçilik törədir.

"Azərbaycanda siyasi proseslərdə subyektiv faktorlar önəmli rol oynayır. QRUH-un bərpa edilməsinə qarşı çıxanlar heç bir obyektiv səbəb göstərmirlər. Heç kim fundamental, elmi və ciddi arqument gətirmir. Ancaq "mənim ondan xoşum gəlmir, onun məndən xoşu gəlmir. O mənə belə dedi, mən ona belə dedim" kimi uşaq oyununa bənzəyən arqumentlər gətirirlər", - Cəlaloğlu əlavə edib.

O, deyib ki, QRUH-un bərpa olunmasına əsasən AXCP və Müsavat Partiyası qarşı çıxır.

"Bu zaman ancaq subyektiv fikirlər önə çəkilir. Hadisələrə milli maraqlardan baxılmır, bir çox hallarda fərdi, qrup maraqlarından baxılır. Daha çox intriqalar, ittihamlar əsas götürülür. Millətin taleyi müzakirə olunan zaman "filankəs məni belə söydü və s." kimi ifadələr işlətmək və bunu arqument kimi göstərmək düzgün deyil", - partiya sədri vurğulayıb.

Cəlaloğlu bildirib ki, AXCP və Müsavat Partiyası hərəkatın bərpasında iştirak etməsə, başqa ad altında birlik yaradılacaq.

Qarabağ və Respublika Uğrunda Hərəkat 2009-cu ilin martında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendum zamanı 6 partiya tərəfindən yaradılmışdı. Bir müddət fəaliyyət göstərdikdən sonra dağılmış və fəaliyyətinə son qoyulmuşdu. Bir qədər əvvəl ADP və Ümid  Partiyası QRUH-un bərpa olunması barədə təşəbbüs irəli sürüblər.

Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli Trend-ə açıqlamasında bildirib ki, QRUH keçmişdə qalmış bir hərəkatdır. Hazırda daha geniş dairələrin birləşdiyi İctimai Palata mövcuddur. Müsavat funksioneri deyib ki, QRUH-un bərpa olunmaması üçün əsaslı bir arqument gətirməyə ehtiyac yoxdur.

"O hərəkatın bərpa olunması üçün də ciddi, tutarlı dəlil yoxdur. Sadəcə kənarda qalan bir neçə təşkilat bir yerdə olmağa qərar verib. Bu, onların şəxsi işləridir. Biz o işlərə qarışmırıq və hesab edirəm ki, hərəkatın o formada yenidən təşki olunmasının heç bir perspektivi yoxdur.  Bu hərəkat inandırıcı əsaslarla bərpa olunmur ki, buna tutarlı əsas gətirəsən. Bu, heç bir mazakirəyə ehtiyacı olmayan məsələdir", - Səmədbəyli vurğulayıb.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə məsələyə münasibət bildirərkən deyib ki, təmsil olunduğu partiya həmin hərəkatı tarixin bir anı hesab edir və Xalq Cəbhəsinin yenidən belə bir quruma qatılmaq fikri yoxdur. Onun sözlərinə görə, bununla bağlı AXCP-yə heç bir rəsmi müraciət də daxil olmayıb.

"İndiki halda müxalifətin inteqrasiya modeli kimi İctimai Palataya üstünlük veririk. Hesab edirik ki, bu intenqrasiya prosesində iştirak etmək istəyən, demokratik proseslərin inkişafına çalışan qüvvələr məhz İctimai Palatada fəaliyyət göstərməlidirlər", - Qəhrəmanlı Trend-ə deyib.

Azərbaycanın bir sıra siyasi partiyaları, QHT-lər və 2010-cu ildə keçirilən parlament seçkilərinin nəticələrindən narazı qalmış namizədlər İctimai Palata təsis ediblər.

Xəbər lenti

Xəbər lenti