...

Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları üçün miqrasiya sahəsi üzrə ixtisasartırma kursu keçirilir

Siyasət Materials 10 Fevral 2011 12:34 (UTC +04:00)
Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün miqrasiya proseslərinin dövlət tənzimlənməsi istiqaməti üzrə ixtisasartırma kursu başlayıb.
Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları üçün miqrasiya sahəsi üzrə ixtisasartırma kursu keçirilir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları üçün miqrasiya proseslərinin dövlət tənzimlənməsi istiqaməti üzrə ixtisasartırma kursu başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsində keçirilən və iki həftə davam edəcək qısamüddətli ixtisasartırma kursu miqrasiya sahəsində aparılan dövlət siyasətinin hüquq-mühafizə orqanlarında çalışan rəhbər işçilərə çatdırılmasına, izah və şərh edilməsinə xidmət edir.

Kusun açılışında çıxış edən Akademiyanın rektor əvəzi Əlikram Abdullayev bildirib ki, dövlət orqanlarının əməkdaşları üçün indiyədək 10 istiqamət üzrə ixtisasartırma kursları keçirilib.

Miqrasiya sahəsində ilk dəfədir belə kursun təşkil olunduğunu deyən rektor əvəzi bildirib ki, kurslar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə razılaşma əsasında intensiv keçiriləcək.

Onun sözlərinə görə, xidmət əməkdaşları üçün də gələcəkdə ixtisasartırma kursları təşkil olunacaq.

DMX-nin rəis müavini Pərviz Musayev Azərbaycanda miqrasiya siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlər barədə kurs iştirakçılarına məlumat verib. Bildirib ki, ölkənin iqtisadi cəhətdən inkişafı əcnəbilərin Azərbaycana axınının artmasına səbəb olub.

Bu da öz növbəsində miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb.

Rəis müavini bildirib ki, 2006-2008-ci illəri əhatə edən Dövlət Miqrasiya Proqramı təsdiq olunub, 2007-ci ildə Dövlət Miqrasiya Xidməti yaradılıb.

Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminin yaradılması, miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" sisteminin tətbiqi, Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusunun verilməsi miqrasiya proseslərinin idarə olunmasına dövlətin nəzarətini gücləndirib.

Vahid miqrasiya məlumat sisteminin fəaliyyətinə toxunan Musayev bildirib ki, bu sistemin köməyi ilə ölkəyə daxil olan əcnəbini ölkəni tərk edənədək nəzarətdə saxlamaq mümkündür.

Kursun proqramının əsas məqsədi miqrasiya sahəsinə aid olan aktual problemləri, miqrasiya orqanlarının fəəaliyyətinin konstitusion-hüquqi əsasları, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi və bu sahədə yeni biliklərin verilməsidir.

Kursda "Ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi", "Azərbaycanın müasir miqrasiya siyasətinin əsas istiqamətləri", "Qeyri-leqal miqrasiyaya qarşı mübrizə və deportasiya", "Regional təhlükəsizlik problemləri və Azərbaycan" və digər mövzularda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Fuad Ələsgərov, DMX rəisi Arzu Rəhimov, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, Ədliyyə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ombudsman Aparatı və Disporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxslərinin məruzələri olacaq.

Xəbər lenti

Xəbər lenti