Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir T.Hacıyev/
Mandatdan imtina etsəm, bu, heç də irəliyə atılan addım olmayacaq. Bu sözləri çərşənbə axşamı Trend-ə Ədalət Partiyasının sədri İlyas İsmayılov Elxan Şükürlünün yaydığı bəyanata münasibət bildirərkən deyib.
"Mən həyata maksimalist yanaşmanın tərəfdarı deyiləm. Bizi MSK-ya buraxmayıblar deyə mandatdan imtina etmək fikrim yoxdur. Üçüncü çağırış parlamentdə Böyük Quruluş Partiyası MSK-da təmsil olunmurdu, bu dəfə də bizim təmsilçiliyimiz alınmadı", - İsmayılov əlavə edib.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması üçün deputatlara paylanmış siyahıda adı yer almayan Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü bəyanat yayıb.
Bəyanatda Şükürlü bildirib ki, partiya sədri İlyas İsmayılov rəhbərlik etdiyi partiyanın MSK-da təmsil olunması üçün sona qədər mübarizə aparmalıdır.
"Mən İlyas müəllimin yerinə olsaydım, o mandatdan imtina edər, ancaq müavinimi sonadək qoruyardım. Çünki bu, bir prinsip, qürur məsələsi idi. Sözümün keçmədiyi, mənə hörmət qoyulmayan yerdə isə əyləşməzdim. Nəyimə lazımdır elə deputatlıq?!", - bəyənatda vurğulanıb.
Çərşənbə axşamı artıq Azərbaycan Milli Məclisinin iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi təsdiqlənib.
MSK-nın 18 nəfərlik tərkibində bu şəxslərin adları yer alıb:
Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).