...

Doqquz yaşlı uşağın ölümü onu göstərir ki, Ermənistan öz imzasına və bəyannaməsinə hörmət etmir - Prezident İlham Əliyev (FOTO)

Siyasət Materials 14 Mart 2011 22:14 (UTC +04:00)
Əfsuslar olsun ki, danışıqlar zamanı əldə edilən razılaşmalar və qəbul edilən bəyannamələr Ermənistan tərəfindən pozulur, bunu martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Mişelin Kalmi-Reylə geniş tərkibdə görüşdən sonra mətbuata verdiyi bəyanatda çıxışı zamanı deyib.
Doqquz yaşlı uşağın ölümü onu göstərir ki, Ermənistan öz imzasına və bəyannaməsinə hörmət etmir - Prezident İlham Əliyev (FOTO)

Əfsuslar olsun ki, danışıqlar zamanı əldə edilən razılaşmalar və qəbul edilən bəyannamələr Ermənistan tərəfindən pozulur, bunu martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Mişelin Kalmi-Reylə geniş tərkibdə görüşdən sonra mətbuata verdiyi bəyanatda çıxışı zamanı deyib.

"Ən son misal Prezident Medvedevin Soçidə təşkil etdiyi görüş oldu. Bu görüşün nəticəsi olaraq etimadın yaradılması tədbirləri və hər bir məsələni sülh yolu ilə həll etmək cəhdinə dair niyyətlə bağlı birgə bəyannamə imzalandı. Təəssüf ki, bundan üç gün sonra ermənilər doqquz yaşlı oğlanı qətlə yetirdilər. Doqquz yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs onda belə zorakılıq aktına əl atan tərəfə biz necə etimad göstərə bilərik?! Bu halda hədəfdə mülki şəxslər, xüsusən də adi uşaqdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi hətta öz imzasına və bəyannaməsinə belə hörmət etmir" İlham Əliyev deyib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezident bildirib ki, bu, qarşılıqlı etimad səviyyəsini ciddi şəkildə azaldır və gözlənilməz nəticələri olacaq vəziyyət yarada bilər.

"Biz ermənilərdən mülki şəxslərimizə qarşı xüsusi qəddarlıqla edilən hücumlara son qoymağı tələb edirik. Çünki bu, nə birinci haldır, nə də ki, ola bilsin sonuncu. Biz tərəfdən heç vaxt mülki şəxslərə, o cümlədən uşaqlara qarşı belə hərəkətlər edilməyib. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapa bilər. Danışıqların hazırkı formatı sülh yolu ilə nizamlanmaya apara bilər. Bunu etmək üçün Ermənistan tərəfinin beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmək və danışıqların ruhu və formasına uyğun davranmaq üçün siyasi iradəsi olmalıdır. Bu gün müzakirə olunan məsələlər sülh yolu ilə nizamlanmaya, ərazi bütövlüyünün bərpasına, eləcə də bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına apara bilər. Biz, eyni zamanda, Dağlıq Qarabağa özünüidarəetmə statusunu güclü siyasi və təhlükəsizlik zəmanətləri ilə verə bilərik. Bu düstur müzakirə olunmaqdadır. Danışıqlarda konstruktiv mövqe tutan Azərbaycan, danışıqları bu formatda davam etdirməyə hazırdır" dövlət başçısı bəyanatında qeyd edib.

İlham Əliyevin sözlərinə görə, bu gün onlar regional inkişafa və vəziyyətə, o cümlədən regional əməkdaşlığa və təhlükəsizliyə aid məsələləri də təfərrüatı ilə müzakirə ediblər.

"İsveçrə Cənubi Qafqaz regionunda olduqca fəaldır. Biz İsveçrənin münaqişələrin sülh yolu ilə həllinə yönələn səylərini yüksək qiymətləndiririk. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların ən son durumu haqqında xanım Prezidentə məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, Ermənistan danışıqlar zamanı özünü konstruktiv aparacaq və işğal olunan torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edən beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyə başlayacaq. Bütün mühüm beynəlxalq təşkilatlar bu məsələnin həlli ilə bağlı siyasi mövqeyini bildiriblər. BMT-nin Təhlükəsizlik Şurasının işğal olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi vardır. ATƏT-in qərarları, Avropa Şurası və Avropa Parlamentinin qətnamələri, İslam Konfransı Təşkilatının qərarlarında Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb edilir. Minsk qrupu 19 ildir ki, fəaliyyət göstərir. Təəssüflər olsun ki, heç bir praktiki nəticə yoxdur. Status-kvonun dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin həmin işğal edilmiş ərazilərə qayıdışına başlamaq üçün vaxt yetişib. Bu, onların öz torpaqlarında yaşamaq üçün fundamental hüquqlarıdır.

Ermənistan silahlı qüvvələri uzun müddətdir ki, onları bu hüquqdan məhrum edib. Mən xanım Prezidentə danışıqların hazırkı durumu haqqında məlumat verdim, həmçinin ümidvar olduğumu bildirdim ki, biz irəliləyişin şahidi olacağıq, çünki biz vaxt itirə bilmərik. Son illər ərzində, xüsusən də 2010-cu ildə çox vaxt itirilmişdir. Fikrimcə, 2010-cu il itirilmiş imkanlar ili oldu. Zənnimcə, əvvəlki illə müqayisədə Ermənistan tərəfi daha aydın şəkildə anlayacaq ki, regionda sülh və sabitliyin bərqərar olması üçün yeganə yol işğal edilən ərazilərdən çıxmağa başlamaq" Azərbaycan Prezidenti çıxışında bildirib.

İsveçrə Prezidentinin səfərinə böyük önəm verdiyini deyən İlham Əliyev bildirib ki, bu, əlaqələrimizin çox sürətlə və uğurla inkişaf etdiyini nümayiş etdirir.
"Biz artıq vacib ikitərəfli səfərləri həyata keçirmişik. Mən ölkənizə rəsmi səfərimi və apardığımız danışıqları xatırlayıram. Biz bu ilin əvvəlində Davosda da görüşdük və çox səmərəli danışıqlar apardıq. Biz bu gün bu dialoqu davam etdirdik və ikitərəfli əlaqələrlə, o cümlədən regional inkişafla bağlı bir sıra əhəmiyyətli məsələləri müzakirə etdik.
İkitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir və qeyd etdiyim kimi, aramızda çox faydalı və vacib siyasi dialoq mövcuddur. Biz bu gün, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızı müzakirə etdik. İqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün bu sahədə qarşılıqlı güclü maraqlarımız vardır. Bunun artıq yaxşı nəticələri mövcuddur. Biz İsveçrədən Azərbaycan iqtisadiyyatına, xüsusilə də qeyri-enerji sektoruna sərmayə qoyuluşlarını alqışlayırıq. Ümid edirəm ki, biz yaxın illərdə buna bənzər bir çox halları görəcəyik. Bu gün mən xanım Prezidentlə apardığım danışıqlar zamanı İsveçrə şirkətlərini ölkəmizdə müxtəlif infrastruktur layihələrində iştirak etmək üçün podratçı qismində Azərbaycana dəvət etdim ki, bu şirkətlər ölkəmizdə daha çox fəaliyyət göstərsinlər. Azərbaycan şirkətləri İsveçrədə sərmayə layihələrində iştirak etməyi arzulayır. Bizim Dövlət Neft Şirkəti artıq İsveçrədə ticarət əməliyyatları və neft təchizatı sahəsində fəal surətdə işləyir. Əlbəttə ki, ikitərəfli gündəliyimizin əsas hissəsini "Cənub enerji dəhlizi"nə aid müzakirələrin, o cümlədən Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının təşkil etdiyini nəzərə alsaq, gələcəkdə enerji sahəsində daha geniş və əhatəli əməkdaşlığımızın olacağına əminəm. Azərbaycan "Cənub dəhlizi"ni dəstəkləyir və biz həmin dəhlizə aid olan bütün layihələrə, o cümlədən İsveçrənin iştirak etdiyi Transadriatik layihəsinə dəstək veririk. Hesab edirəm ki, bu layihənin çox yaxşı gələcəyi vardır. Həmin xüsusi məsələ ilə bağlı şirkətlər arasında danışıqlar gedir.

Eyni zamanda, bilirsiniz ki, bu ilin əvvəlində Azərbaycan Avropa Komissiyasının sədri cənab Barrozunun ölkəmizə səfəri zamanı enerji əməkdaşlığı haqqında bəyannaməni imzaladı. Hesab edirəm ki, bu, "Cənub dəhlizi"nin inkişafında olduqca mühüm və praktiki addım ola bilər. Bizim nəhəng neft və qaz ehtiyatlarımız vardır. Onlar bizə onilliklər boyu kifayətdir. Bizim artıq şaxələndirilmiş təchizat infrastrukturumuz da mövcuddur. Bu infrastruktur genişləndirilə, onun imkanları artırıla və yaxud da yeni qaz kəmərləri çəkilə bilər. Bu sahədə çox ciddi və mühüm əməkdaşlığa başlamaq üçün istehlakçılar və hasilatçılar arasında qarşılıqlı maraq mövcuddur. Eyni zamanda, ölkələrimizin xalqları arasındakı təmaslara da çox böyük əhəmiyyət veririk. Fikrimcə, insanlarımız bir-birini nə qədər çox tanısa, bir-birini görmək üçün nə qədər çox səfər etsə, bizim üçün bir o qədər yaxşıdır. Beləliklə, aramızda daha çox anlaşma və əməkdaşlıq olar.

Münasibətlərimiz hər zaman yaxşı və müsbət olub. Lakin deyə bilərəm ki, son bir neçə il ərzində biz ikitərəfli əlaqələrimizdə çox sürətli inkişafı görürük və qeyd etdiyim kimi, xanım Prezidentin ölkəmizə səfəri həmin qarşılıqlı marağın təzahürüdür.

Bir daha qeyd etmək istəyirəm ki, İsveçrə ilə münasibətlərimiz bizim üçün olduqca vacibdir. Əminəm ki, xanım Prezidentin səfərindən sonra bu münasibətlər davamlı şəkildə uğurla inkişaf edəcək və biz əməkdaşlıq üçün bir çox digər sahələri müəyyən edəcəyik. Ölkələrimiz bir-birinə daha da yaxınlaşacaq və biz gələcəkdə daha yaxşı nəticələr görəcəyik. Sağ olun" dövlət başçısı bəyantında bildirib.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti