...

Azərbaycanın hakim partiyasının gəncləri aztəminatlı ailələrə bayram sovqatı paylayır

Siyasət Materials 18 Mart 2011 13:46 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı paylayır.
Azərbaycanın hakim partiyasının gəncləri aztəminatlı ailələrə bayram sovqatı paylayır

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri Novruz bayramı münasibəti ilə aztəminatlı ailələrə bayram sovqatı paylayır. Trend-in məlumatına görə, cümə günü səhər başlayan xeyriyyə aksiyası Bakının rayonlarını əhatə edəcək və 60-a yaxın ailəyə sovqatlar paylanacaq.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan dövləti yüksək səviyyəli sosial siyasət həyata keçirir.

"Biz gənclər də bu siyasətin həyata keçirilməsində iştirak etməyi nəzərdə tuturuq. YAP gəncləri kimi həmin şəxslərin yanında olduğumuzu göstərmək istəyirik", - Orucov əlavə edib.

Onun sözlərinə görə, bayram sovqatının tərkibinə ət, toyuq, düyü, meyvə, çay və digər ərzaqlar daxil edilib.

Orucov onu da bildirib ki, bu cür tədbirlər davam etdiriləcək və növbəti illərdə Azərbaycanın regionlarında da belə xeyriyyə aksiyaları həyata keçiriləcək.

Hər il martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Günün məqsədi dünyadakı bütün dövlətlər və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ilin noyabr ayında təsis edilib və partiyanın ilk sədri Heydər Əliyev seçilib. Partiya 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiyanın ideologiyasının əsasında azərbaycançılıq, vətəndaş həmrəyliyi, demokratik dəyərlər dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

YAP hazırda Azərbaycan Milli Məclisində 71 deputat ilə təmsil olunur. Partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti