...

Avropa Parlamentinin qətnaməsi Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair Aİ-nin mövqeyini təsdiqlədi - XİN

Siyasət Materials 12 Aprel 2011 12:57 (UTC +04:00)
Avropa Parlamentinin yeni qətnaməsi bundan əvvəl qəbul edilmiş qətnamələrdəki müddəalara, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz üzrə strategiyasının zəruriliyi haqqında qətnaməyə istinad edərəkAzərbaycanın ərazi bütövlüyünün tanınmasına dair Aİ-nin mövqeyini bir daha təsdiqlədi.
Avropa Parlamentinin qətnaməsi Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair Aİ-nin mövqeyini təsdiqlədi - XİN

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Tarıverdiyeva/

Avropa Parlamentinin yeni qətnaməsi bundan əvvəl qəbul edilmiş qətnamələrdəki müddəalara, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz üzrə strategiyasının zəruriliyi haqqında qətnaməyə istinad edərək Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair Aİ-nin mövqeyini bir daha təsdiqlədi. Bu barədə Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

"Erməni tərəfin həmin qətnamədə tanınmamış respublikanın de-fakto hakimiyyəti ilə əlaqələri məsləhət görən düzəlişlər etmək cəhdlərinə baxmayaraq, bu düzəlişlər qətnamənin yekun variantından götürülüb, eləcə də orada qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı narahatlıq ifadə olunub", - Poluxov bildirib.

Avropa Parlamentinin qətnaməsində guya "tanınmamış ərazilərin de-fakto hakimiyyəti ilə əlaqələrin qurulması" müddəasının yer alması ilə bağlı məlumat həqiqətəuyğun deyil. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycanın Belçika və Avropa İttifaqındakı səfiri Emin Eyyubov bildirib.

"Əslində bu gün səhərədək qətnamə layihəsində belə bir müddəa yer almışdı, lakin Avropa Parlamentinin bu gün səhər keçirilən plenar iclasında səsvermə zamanı deputatların əksəriyyəti, iri partiyaların nümayəndələri bu düzəlişin əleyhinə səs verdilər", - Eyyubov Brüsseldən telefonla bildirib.

Eyyubov deyib ki, "tanınmamış ərazilərin de-fakto hakimiyyəti" sözü qətnamə layihəsindən çıxarılıb.

Bəzi erməni KİV-lərinin məlumatına görə, Avropa Parlamentinin aprelin 7-də böyük səs çoxluğu ilə "Avropa qonşuluğu siyasətinin ümumiləşdirilməsi" qətnaməsini qəbul edib. Həmin qətnamədə Şərq istiqaməti üzrə bütün istiqamət və proqramlar göstərilib.

Erməni mənbələrin məlumatına görə, AP 48-ci maddədə praqmatik təşəbbüs və novator yanaşmaları nəzərə almağa, yerli ictimaiyyətlə mülki mədəniyyət və dialoqun inkişafına yardım məqsədilə faktiki hakimiyyətlərlə (de facto authorities) və tanınmamış dövlətlərin ictimaiyyəti ilə əlaqələr qurmağa çağırır.

Eyyubovun sözlərinə görə, qətnamənin bu bəndinin AP-dən keçirilməsinə həqiqətən də cəhdlər edilib. "Lakin AP üzvləri bir daha müdrik prinsipial mövqe nümayiş etdirərək həll olunmamış münaqişələr ətrafındakı vəziyyəti siyasi baxımdan düzgün qiymətləndirdilər və müvafiq qərar qəbul etdilər", - o deyib.

Səfirin sözlərinə görə, Azərbaycan tərəfi AP-nin qətnaməsini alqışlayır və hesab edir ki, o, Avropa Qonşuluq Siyasətinin, habelə Şərq tərəfdaşlığı istiqamətinin gələcək inkişafına öz töhfəsini verəcək.

"Bu, öz növbəsində bizi Avropada qəbul edilən normalar, standartlar, qanunvericilik və digər meyarlar baxımından Aİ ilə yaxınlaşdırır", - Eyyubov bildirib.

Xəbər lenti

Xəbər lenti