...

Macarıstanda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Siyasət Materials 19 Aprel 2011 14:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibəti ilə silsilə tədbirlər keçirir.
Macarıstanda Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibəti ilə silsilə tədbirlər keçirir. Azərbaycanın Macarıstandakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirlərin keçirilməsində əsas məqsəd macar mətbuatının diqqətinin müstəqillik dövründə yeni dövlət quruculuğu sahəsində respublikamızda qazanılmış uğurlara, iqtisadiyyat və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlərə yönəltməkdir.

Səfir Vilayət Quliyevin aprelin 18-də Macarıstanın aparıcı qəzetlərinin rəhbərliyi və beynəlxalq məsələlərə cavabdeh jurnalistləri ilə keçirdiyi görüşdə də bu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Görüşdə ölkənin "Nepsabadşaq", "Macar nemzet", "Macar hirlap", "Nepsava", "Diplomat" kimi aparıcı mətbuat orqanlarının mümayəndələri iştirak ediblər. Görüş zamanı səfir Quliyev macar jurnalistlərə Azərbaycanın müstəqillik tarixi, ölkədə gedən ictimai-siyasi proseslər, aparılan islahatlar, respublikamızın regionda və beynəlxalq aləmdəki mövqeyi barədə ətraflı məlumat verib.

Səfir Ermənistanın Azərbaycana təcavüzü, işğal olunmuş ərazilər, qaçqınlar problemi və işğalçı ölkənin qeyri-konstruktiv siyasəti nəticəsində indiyə qədər nəticə verməyən sülh danışıqlarından da ətraflı danışıb. Görüş zamanı jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verilib. Macar mediasının nümayəndələri Azərbaycanın müvafiq qurumları və mətbuat orqanları ilə əməkdaşlıq şəraitində respublikamıza gəlməyə, dövlət və hökumət nümayəndələri ilə müsahibələr təşkil etməyə, ölkəmizin və insanlarımızın həyatını obyektiv şəkildə işıqlandırmağa hazır olduqlarını bildiriblər. Bu istiqamətdə işlərin davam etdirilməsi, belə görüşlərin bundan sonra da mütəmadi şəkildə keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti