Azərbaycan, Bakı, 3 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ali Məhkəməsinin sədri Özbəkistanın baş prokurorunu qəbul edib.
Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, ölkəmizdə səfərdə olan Özbəkistanın baş prokuroru Rəşidjon Kadırovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanla Özbəkistanın məhkəmə hüquq sistemləri arasında əlaqələrin Müstəqil Dövlətlər Birliyi, eyni zamanda ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini və genişləndiyini vurğulayıb.
Rzayev respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlər, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
O, əmin olduğunu bildirib ki, Özbəkistan baş prokurorunun Azərbaycana səfəri prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcək. Dost ölkələrimiz arasında möhkəmlənən faydalı münasibətlər hər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni perespektivlərini açacaq.
Kadırov son illər məhkəmə sistemində həyata keçirilən tədbirlərin onda xoş təəsürrat yaratdığını bildirib.
O, ölkəsində həyata keçirilən hüquq islahatlarından və prokurorluğun fəaliyyət dairəsindən söhbət açıb. Özbəkistanın baş prokuroru iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb.