...

Azərbaycanın baş prokuroru özbək həmkarını qəbul edib

Siyasət Materials 4 May 2011 17:38 (UTC +04:00)
Qaralov mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.
Azərbaycanın baş prokuroru özbək həmkarını qəbul edib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın baş prokuroru Zakir Qaralov özbək həmkarını qəbul edib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, baş prokuror Qaralov 2010-cu ilin sentyabr ayında Azərbaycan və Özbəkistan baş prokurorluqları arasında əməkdaşlıq və hüquqi yardım haqqında sazişin imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Baş prokuror son illər Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verib.

Qaralov mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb.

Bu sahədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən görülən işlər, yeni yaradılmış 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi barədə qonaqlara məlumat verilib.

Özbəkistan baş prokuroru Rəşitjan Kodirov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Azərbaycan və Özbəkistan arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkələrimizin müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiklərini vurğulayıb.

O, Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

İkitərəfli və çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilib.

İki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Özbəkistan baş prokurorunun Azərbaycana mayın 2-dən başlanan səfəri davam edir.

Xəbər lenti

Xəbər lenti