...

Son altı ildə Azərbaycanda ümumi məhsul istehsalı 2,6 dəfə artıb - İsmət Abasov

Siyasət Materials 8 May 2011 08:50 (UTC +04:00)
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Bu gün çoxminli sahibkarlar fəxr edirlər ki, bu inkişaf missiyası cənab Prezident, məhz Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir.
Son altı ildə Azərbaycanda  ümumi məhsul istehsalı 2,6 dəfə artıb - İsmət Abasov

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlledici rol oynayır. Bu gün çoxminli sahibkarlar fəxr edirlər ki, bu inkişaf missiyası cənab Prezident, məhz Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir.

Son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına təkan vermiş, dövlətimizin başçısının gündəlik diqqət və qayğısının nəticəsi olaraq kənd təsərrüfatında ümumi məhsul istehsalı 2010-cu ildə 2004-cü ilə nisbətən 2,6 dəfə, o cümlədən bitkiçilikdə 2,3 dəfə, heyvandarlıqda 3,1 dəfə artmışdır, bunu mayın 6-da Ağcabədidə Prezident İlham Əliyevin sədrliyi ilə Qarabağ iqtisadi zonasında kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"2004-2010-cu illərdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanmış çoxsaylı fərman və sərəncamların icrası kənd təsərrüfatının və emal sənayesinin dinamik inkişafını təmin etmişdir. Bu baxımdan cənab Prezidentin imzaladağı müxtəlif sərəncamlarla, məsələn 2004-cü ilin oktyabrında yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aqrosənaye kompleksinin bütün sahələrində istifadə edilən maşın, mexanizm və müxtəlif təyinatlı aqreqatların gətirilməsi, satılması, lizinqə verilməsi, torpaq mülkiyyətçilərinə çoxnövlü mexanikləşdirilmiş kənd təsərrüfatı işlərinin görülməsi, onlara məxsus texnikalara texniki, təmir və nizamlama xidmətlərinin göstərilməsi, texnikadan səmərəli istifadənin öyrədilməsi ölkəmizdə maşın-traktor parkından istifadəni xeyli yaxşılaşdırmışdır" Abasov bildirib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Nazirin sözlərinə görə, cəmiyyət tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin dörd ayı ərzində 11 min 398 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 990 taxılyığan kombayn, 3 min 124 traktor, 160 ekskavator, 7 min 124 müxtəlif kənd təsərrüfatı maşını, 76 texnoloji avadanlıq, o cümlədən soyuducu kamera, süd və yem istehsalı zavodları, istixanalar və digər təsərrüfatlar üçün avadanlıq, 297 min ton mineral gübrə, 301 ton pestisid alınmış, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılmış və ya lizinqə verilmişdir.

"Hazırda respublikanın əksər rayonlarında "Aqrolizinq" ASC-nin "Aqroservis" filialları fəaliyyət göstərir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədi ilə dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilməkdədir. Belə ki, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkinlərin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə 40 manat, habelə hər hektar buğda və çəltik səpininə görə əlavə olaraq 40 manat məbləğində yardımın verilməsi davam etdirilir. Ümumilikdə 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu məqsədlə 307,5 milyon manat məbləğində subsidiya verilmişdir. Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarına əsasən toxumçuluq və tinglik təsərrüfatlarına satılan birinci və ikinci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 15 milyon manatdan çox subsidiya verilmişdir. Bununla yanaşı, 2007-ci ildən indiyədək "Aqrolizinq" ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan mineral gübrələrin dəyərinin orta hesabla 50 və 70 faizinin güzəştlə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılan 246,6 min ton gübrə üçün həmin təşkilatlara 40 milyon manatdan çox vəsait ödənilmişdir" Abasov çıxışında söyləyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına və əvvəlki illərdə verilmiş kreditlərin təkrar istifadəsindən kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı ilə məşğul olan fermerlərə və sahibkarlara 41 milyon manat güzəştli kreditlər verilmişdir.

"Möhtərəm cənab Prezident! Tapşırığınıza əsasən, aqrar sahənin davamlı inkişafını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən dövr ərzində aqrar sahənin inkişafı ilə bağlı yeni infrastruktur sahələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 3794 investisiya layihəsinin maliyələşdirilməsinə 197,7 milyon manat güzəştli kreditlər verilmişdir. Dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, ölkədə ən müasir texnologiyanın tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması üçün fondun güzəştli kreditləri hesabına ötən dövr ərzində aqrar sahədə müasir texnologiyaların tətbiqinə əsaslanan 104 layihənin maliyələşdirilməsinə 155, 7 milyon manat vəsait verilmişdir. O cümlədən ümumi tutumu 100,5 min ton olan 28 soyuducu anbar kompleksinin yaradılmasına 52,8 milyon manat, ümumi tutumu 267 min ton olan 17 taxıl anbarı kompleksinin yaradılmasına 21,4 milyon manat, 5150 başlıq, illik istehsal gücü 39,2 min ton süd olan 5 südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasının 10,8 milyon manat, illik istehsal gücü 66 min ton olan 7 süd emalı müəssisəsinin yaradılmasına 7,9 milyon manat, illik istehsal gücü 26,2 min ton ət kəsimi və 10 min ton ət emalı olan 4 emal müəssisəsinin yaradılmasına 3 milyon manat vəsait verilmişdir.

Cənab Prezident!
2009-cu ildə taxıl istehsalı respublikada ilk dəfə olaraq 3 milyon tona çatmış və ya 2004-cü illə müqayisədə 1,4 dəfə artmışdır. Lakin təbii fəlakət nəticəsində 2010-cu ildə taxıl istehsalı nisbətən azalsa da, əksər kənd təsərrüfatı məhsulları istehsalında əsaslı dönüş yaranmış, 2004-cü ilə nisbətən 2010-cu ildə şəkər çuğunduru istehsalı 4,5 dəfə, tərəvəz istehsalı 10,5 faiz, bostan məhsulları istehsalı 22 faiz, meyvə istehsalı 1,7 dəfə, üzüm istehsalı 2,4 dəfə artmışdır. Hər hektardan məhsuldarlıq şəkər çuğunduru üzrə 120,2 sentner, tərəvəz üzrə 6,9 sentner, bostan məhsulları üzrə 20,4 sentner, meyvə üzrə 19,2 sentner, üzüm istehsalı üzrə isə 35,8 sentner artmışdır. Kənd təsərrüfatının vacib sahəsi olan heyvandarlıq da öz dinamik inkişafını davam etdirir. Belə ki, 2010-cu ildə kəsilmiş çəkidə 253,8 min ton ət, 1 milyon 529 min ton süd, 1 milyard 178 milyon ədəd yumurta istehsal edilmişdir. Ət istehsalı 2004-cü illə müqayisədə 76,6 faiz, süd 26 faiz, yumurta istehsalı 42,1 faiz artmışdır.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində strateji proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi müvəffəqiyyətlə davam etdirilir. Əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi ildən-ilə yaxşılaşır. Son iki ildə dövlət başçısının tapşırığına əsasən respublikaya "Aqrolizinq" ASC tərəfindən 1672 baş damazlıq düyə gətirilmiş və lizinq qaydasına uyğun olaraq güzəştli şərtlərlə heyvandarlıq məhsulları istehsalçılarına satılmışdır. Hazırda gətirilmiş damazlıq heyvanların baş sayı 2900-ə çatmışdır. 2011-ci ildə ölkəyə əlavə olaraq 1600 baş damazlıq düyə gətiriləcək və bu damazlıq heyvanların 500 başının "Atropatena" QSC-yə verilməsi nəzərdə tutulmuşdur. Bu heyvanların hər biri yaxşı yemləmə şəraitində ildə orta hesabla 4500 litr süd verir. Heyvandarlıq məhsullarının artırılmasının təmin edilməsi məqsədi ilə respublikada ilk dəfə olaraq Süni Mayalanma Mərkəzi yaradılmışdır. Mərkəzə Rusiyadan, Almaniyadan və Avstriyadan yüksək keyfiyyətli törədici heyvanlar gətirilmişdir. Süni mayalanma tədbirlərini həyata keçirmək üçün süni mayalanma texnikləri hazırlanmış, ötən il 60 min baş heyvan süni mayalanmış və 37600 baş yüksək keyfiyyət göstəricilərinə malik buzov alınmışdır. Heyvandarlığın intensiv inkişaf etdirilməsi, damazlıq təsərrüfatlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, baytarlıq xidmətlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması və genişləndirilməsi üçün laboratoriyaların müasir tələblərə uyğun təchiz olunması işləri davam etdirilir. Ölkədə fitosanitar xidmətinin yaxşılaşdırılması, bitkilərin karantin nəzarətinin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılır. Aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının gücləndirilməsi, elmi araşdırmaların təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir.

Möhtərəm cənab Prezident!
İcazə verin, Sizi əmin edim ki, çoxminli kənd təsərrüfatı işçiləri aqrar sahəyə göstərdiyiniz qayğıya yüksək əmək töhfələri ilə cavab verəcək, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər. Diqqətinizə görə təşəkkür edirəm".

Xəbər lenti

Xəbər lenti