Azərbaycan, Bakı, 10 may /Trend/
Küveytin "Əl-Vasat" qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
Məqalədə ümummilli liderin həyat və fəaliyyəti geniş şəkildə işıqlandırılıb, Azərbaycanın müstəqilliyinin əldə olunması, möhkəmləndirilməsi, qorunub-saxlanması və Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınmasında oynadığı mühüm rol və həmçinin uğurlu neft strategiyası barədə məlumat verilib.
Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq aləmdə artan nüfuzu məqalədə öz əksini tapıb.
Dərc olunan məqalədə Azərbaycanın islam və ərəb dövlətləri ilə münasibətlərinin qurulması və inkişafında ümummilli liderin böyük rolu xüsusilə qeyd olunub.