...

Bakıda "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 11 May 2011 12:31 (UTC +04:00)
Çərşənbə günü Bakıda ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib.
Bakıda "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir K.Zərbalıyeva/

Çərşənbə günü Bakıda ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası" mövzusunda konfrans keçirilib.

"Son bir-neçə ildə Azərbaycanın media mühitində plüralizmin genişlənməsi, cəmiyyət həyatında jurnalistikanın fəaliyyətinin təkmilləşdirilməsi və ictimai siyasi proseslərdə bu institutun iştirakının təmin olunması sahəsində Mətbuat Şurasının fəaliyyəti önəmlidir", - Trend-in məlumatına görə, konfrasda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, "Diffamasiya haqqında" qanunun qəbulu jurnalistləri heç də daha məsuliyyətsiz fəaliyyətə aparmır.

"1998-ci ildə Azərbaycanda senzura ləğv olunanda cəmiyyətdə belə bir fikir formalaşdı ki, artıq bununla da Azərbaycan mediasının problemləri aradan qalxdı və jurnalist də, yaradıcı insanlar da istədiyi kimi yazacaq. Prinsip etibarilə bu, əslində belədir. Əgər hər hansı bir jurnalistin fəaliyyəti ictimaiyyət arasına çıxmadan senzuraya məruz qalırsa, bu, anormal haldır. Eyni zamanda, hər bir jurnalist əvvəl sözü deyib, sonra düşünürsə, bu da qeyri-normal haldır. Senzuranın aradan qalxması Azərbaycan jurnalistikasını ciddi problemlərlə üz-üzə qoydu. Əgər əvvəl senzura onları vətəndaşlarla məhkəmə çəkişməsindən, qarşıdurmadan xilas edirdisə, artıq senzuranın aradan qalxması bilavasitə jurnalistləri haqqında yazdığı obyektlə, vətəndaşla, qurumla qarşı-qarşıya gətirdi. Bununla da hüquq müstəvisində vətəndaşlarla jurnalistlərin qarşıdurması artdı", - Həsənov əlavə edib.

PA rəsmisi deyib ki, bu gün konfransda təxminən buna oxşar addımın atılması barədə danışılır.

"Bu, jurnalistlərin təhqir və böhtana görə cinayət məsuliyyətindən azad olunması məsələsidir. Dünyanın başqa ölkələrində təhqir və böhtan söz hərəkəti olduğuna görə, o qədər də ağır
cinayət hesab olunmur. İnzibati tədbirlə bu vəziyyətdən çıxmaq olar. Azərbaycanda söz yarası, təhqir olunma, ünvanına böhtan söylənilmə cəmiyyətin mentalitetinə, əxlaq normalarına uyğun deyilsə, sözün həqiqi mənasında insanın şərəf və ləyaqətinə toxunursa, Azərbaycan cəmiyyəti üçün bundan ağır cinayət və əməl yoxdur. Lakin demokratik inkişafın tələbləri bizi dünya inkişafına qoşulmaq xatirinə cəmiyyət, ictimai rəy üçün məqbul sayılmayan bəzi məsələlərə getməyə vadar edir. Milli və digər azlıqlarla bağlı bəzi normaların da cəmiyyətdə qəbul olunmasına doğru gediriksə, nəyə görə jurnalistlərin təhqirə görə cinayət məsuliyyəti deyil, inzibati məsuliyyətə cəlb olunması praktikasına getməyək? Bu anlamda diffamasiya haqqında qanunun qəbulu ciddi məsuliyyətdir. Bu qanunun qəbulundan sonra jurnalist vətəndaşı təhqir edəcəksə, qanun jurnalistin işlədiyi redaksiya qarşısında məsuliyyət qoyacaq, jurnalist və redaksiya inzibati qaydada cərimə sanksiyaları ilə cəzalandırılacaq. Redaksiya hər bir jurnalistin yazısına görə məsuliyyət daşıyacaq. Azərbaycan cəmiyyətində hər bir insan yazı ilə çıxış edə bilər. Amma bunların əksəriyyətini böhtan və təhqirə görə cinayət məsuliyyətindən azad etmək mümkün deyil. Əgər jurnalist jurnalistlərin əxlaq kodeksinə qoşulmursa, bu məsuliyyətdən azad oluna bilməz. Hər bir jurnalist əxlaq kodeksinə qoşulandan sonra jurnalistlərin vahid siyahısını hazırlamaq olar. Bu məsələ istiqamətində Mətbuat Şurası ciddi işləməlidir. Jurnalistikanın meyarları müəyyənləşdirilməlidir", - Həsənov əlavə edib.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel tədbirdə bildirib ki, ATƏT-in təməl prinsiplərindən biri mətbuat azadlığıdır.

"Mətbuat azadlığı hər an məhdudlaşdırıla bilməz. Bunun ancaq qanunlar çərçivəsində məhdudlaşdırılması mümkündür", - Cankorel bildirib.

Onun sözlərinə görə, bu məhdudiyyət insanın şərəf və ləyaqətinin müdafiəsi məqsədilə məhdudlaşdırıla bilər.

"Söz və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı beynəlxalq sənədlərdə qeyd olunur ki, media azadlığının məhdudlaşdırılması yalnız qanun və beynəlxalq standartlar əsasında mümkündür. ATƏT diffamasiya ilə bağlı Mətbuat Şurası ilə geniş müzakirələr aparıb və "Diffamasiya haqqında" qanun layihəsi hazırlanıb. Jurnalistlərin peşə etikası kodeksi beynəlxalq standartlara uyğunlaşdırılıb və hazırlanan qanun layihəsi diffamasiyanın cəza kimi ləğvi ilə bağlı beynəlxalq standartlara uyğundur", - Cankorel bildirib.

ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç tədbirdə çıxışı zamanı bildirib ki, diffamasiya cəmiyyət üçün çox önəmli məsələdir, hökumət rəsmiləri vətəndaş cəmiyyətinin inkişafı üçün imkanlar yaratmalıdırlar. Onun sözlərinə görə, diffamasiya, onun dekriminallaşmasından istifadə, jurnalistlərin ifadə azadlığının təmin olunması Azərbaycan vətəndaşlarının maraqlarına uyğun şəkildə həllini tapmalıdır.

Miyatoviç bildirib ki, ictimai xadimlər, siyasətçilər bu məsələdə tolerantlıq nümayiş etdirməlidirlər.

"Jurnalist yazığı yazılara görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Heç bir hökumət jurnalistə fəaliyyət göstərməsi üçün göstəriş verməməlidir. Jurnalistin öz peşə fəaliyyətini yerinə yetirməsi üçün imkanlar yaradılmalıdır. Son vaxtlar Azərbaycanda diffamasiya ilə bağlı jurnalist həbs olunmayıb. Azərbaycanda bir sıra qəzetlərə qarşı mülki iddialar qaldırılıb, məhkəmə çəkişmələri aparılır və bununla bağlı məhkəmə qərarları da var", - ATƏT rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti