...

Çar Rusiyasının İrandakı səfiri Qriboyedov SSRİ-ni necə dağıtmışdır?!

Siyasət Materials 17 May 2011 12:15 (UTC +04:00)
Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Rusiya mətbuatına verdiyi müsahibədə bildirdi ki, Ermənistan SSRİ-nin dağılmasında iştirak edən müstəvilərdən biri olmuşdur.
Çar Rusiyasının İrandakı səfiri Qriboyedov SSRİ-ni necə dağıtmışdır?!

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri

Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Rusiya mətbuatına verdiyi müsahibədə bildirdi ki, Ermənistan SSRİ-nin dağılmasında iştirak edən müstəvilərdən biri olmuşdur. Ermənistan SSRİ-nin dağılmasında iştirak müstəvilərdən biri yox, birincisidir. Nəhayət ki, SSRİ-nin dağılmasında ermənilərin iştirakı ən yüksək səviyyədə təsdiqləndi.

Əsas məsələlərdən biri isə sualın qoyuluşdur. Yalnız azərbaycanlılar bilirdilər ki, DQ probleminin yaradılmasının əsas məqsədi SSRİ-ni dağıtmaqdır. Nəhayət ki, Moskvada da bu həqiqətə inananlar tapıldı. K.Zatulin, A.Markedonov kimi erməni lobbiçilərinin ortalığa qoyduğu saxta tarix M.Zaxarov, A.Aleksandrov və sair kimi rus familiyası daşıyanlar tərəfindən daha da geniş yayılırdı.

Ermənilər həmişə etno-kriminal şəbəkə formasında fəaliyyət göstərmişlər. Bunu həm SSRİ-nin dağılmasında onların iştirakı, həm də sonrakı dövrdə baş verənlər sübut etdi.

Eləcə də ermənilər vaxtilə Rusiyanın əlində alət kimi Osmanlı imperiyasına qarşı işlənib. Amma SSRİ-nin dağılmasında ermənilərin iştirakı nisbətən orijinal idi. Ermənilər SSRİ-nin dağılma planının icra mexanizminin işlənib hazırlanmasında iştirak etmişdilər. Başqa sözlə, SSRİ-nin dağılmasının icra mexanizmi məhz ermənilərin boyuna biçilmişdi. Qərbin xüsusi xidmət orqanlarının SSRİ-ni dağıtmaq üçün hazırladığı plan Sovet İmperiyasının iki zəif cəhətinə - iqtisadi və milli problemlərinə söykənirdi. İqtisadi problemlər Sovet İttifaqından heç vaxt əskik olmamışdı, amma bu problem tək olduğu üçün SSRİ-ni dağıda bilmirdi. SSRİ-ni dağıtmaq üçün iqtisadi problemlərlə mili problemlərin birləşdirilməsi, eyni istiqamətə yönəldilməsi zərurətə çevrildi. SSRİ-nin ilk və son prezidenti M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, iqtisadçı akademik və erməni A.Aqanbekyan bu məsələni reallaşdırdı. 1987-ci ilin sonlarında SSRİ-dəki ermənilərin guya, iqtisadi problemlərini həll etmək məqsədilə bu erməni mütəxəssis Fransada milli məsələni gündəliyə gətirdi. Onun sözlərindən belə çıxırdı ki, Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə keçsə, iqtisadi və milli problemlər həll olunacaq.

Sarkisyan iddia edir ki, Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibinə düşməsi SSRİ yaranan dövrdə baş verdi və bu, səhv addımdır. Buna görə də bu səhv addım SSRİ-nin dağılmasına gətirib çıxartdı.

Yaxınlarda RF-nin nüfuzlu KİV-i olan "RİA Novosti"də məşhur kinorejissor N.Mixalkov bu kontekstdən çox maraqlı bir açıqlama verdi: Çar Rusiyasının İranda səfiri işləmiş A.S.Qriboyedovun həyat və fəaliyyətinə həsr olunmuş film çəkməyə hazırlaşdığını bildirən məşhur rejissor A.S.Qriboyedovun gördüyü işlər içərisində İran ermənilərinin Qarabağ ərazisinə köçürülməsinin də olduğunu bildirdi (http://www.rian.ru/culture/20110426/368484832.html). Ermənilərin Qarabağda yerli əhali deyil, gəlmə olduqlarını Azərbaycan mütəxəssisləri həmişə qışqıra-qışqıra demişlər, amma Rusiya buna da "inanmırdı". İndi N.Mixalkov bu faktı aşkarladı. Deməli, erməniləri Qarabağa köçürən səfir Qriboyedov olmuşdur. Qriboyedovun 180 il bundan əvvəl Qarabağa köçürdüyü ermənilər elə qışqırırlar ki, guya, dünya yaranandan Qarabağda erməni milləti yaşayıb. Əməlli-başlı paradoksal effektdir - Qriboyedov effekti.

Əslində, Qafqazda erməni olmayıb. Ermənilərin bu regiona gəlməsi Rusiyanın imperiyaya çevrilməsinin nəticəsidir. Rusiya imperiyası Şərqə tərəf böyüdükcə İrana və Osmanlı imperiyasına qarşı iddialar ortalığa qoymuş və bu iddiaları icra etməyə başlamışdır. Ermənilər bu iddiaların icrasında iştirak etdiyi üçün çar Rusiyası onları daha təhlükəsiz, özünə daha yaxın ərazilərə köçürmüşdür.

"Qriboyedov effekti" indi də davam edir. Ermənilərin dağıdıcılıq üçün istifadə edə biləcəkləri müstəvi təkcə Dağlıq Qarabağ deyil. Çar Rusiyası dövründə bu tipli "erməni köçləri" Cavaxetiyada, Krımda, Rostovda baş tutub. Cavaxetiyada indi də ermənilər sakit deyillər. "Soyqırımın tanınması" adlı müstəvi də müasir Rusiyanın əleyhinə işləməyə başlayıb. Ermənilərdən ibrət götürən gürcülər çərkəz xalqının soyqırımı məsələsinə ciddi girişiblər.

Ermənilər Qorbaçovun dövründə olduğu kimi yenidən Moskvada hakimiyyətin yuxarı eşelonlarına doluşublar. RF-nin indiki Prezidenti Dmitri Medvedevin də iqitsadi məsələlər üzrə köməkçisi qeyri-iqtisadi məsələlərə müdaxilə edir. Nədənsə onun bu müdaxilələrinin əksəriyyəti ermənilərin xeyrinə olur.

Bu faktlar bəlli ola-ola Sarkisyan elə danışır ki, sanki hamı ona borcludur. Sarkisyana deyən lazımdır ki, Rusiya erməniləri Qarabağ kimi bərəkətli torpağa köçürəndə yaxşı idi, indi o torpağı həqiqi sahibi olan Azərbaycana qaytaranda niyə pis olmalıdır?!

Sarkisyan prezident seçildikdən sonra bir neçə dəfə belə sərsəmləmişdir. Onun "sərbəst yerdəyişmə prinsipi Avropanın açar prinsiplərindən biridir" bəyanatı indiki bəyanatdan bir ay əvvəl verilmişdir. Ağdam sakininin Ağdamın bir kəndindən o biri kəndinə getməsinə imkan verməyən Sarkisyan nəşələnə-nəşələnə sərbəst yerdəyişmə prinsipindən danışır. Amma ermənilər bir şeyi unutmasınlar ki, Avropa ərazisində sərsəmləməkləRusiya ərazisində sərsəmləmək fərqli şeylərdir. Rusiya ərazisində "ermənilər SSRİ-ni dağıtdı" ideyası çətin ki, bundan sonra it-bata düşsün.

Xəbər lenti

Xəbər lenti