...

Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə işini davam etdirir - səfir

Siyasət Materials 17 May 2011 17:18 (UTC +04:00)
Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə işini davam etdirir və ölkədə yaşayan soydaşlarla mütəmadi əlaqə saxlayır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Mahir Əliyev bildirib.
Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə işini davam etdirir - səfir

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə işini davam etdirir və ölkədə yaşayan soydaşlarla mütəmadi əlaqə saxlayır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Mahir Əliyev bildirib.

Onun sözlərinə görə, Suriyada vəziyyət DİN-in qəti tələbinə uyğun olaraq yeddi mindən artıq silahlı şəxsin silahı yerə qoymasından sonra bir qədər yaxşılaşıb.

Hazırda silahlı dəstələrin təqib edildiyi Dəməşqdən 250-300 kilometr aralıda vəziyyət gərgin olaraq qalır.

Hazırda Suriyada yaşayan və səfirlik yanındakı konsulluq qeydiyyatında olan Azərbaycan vətəndaşlarının ümumi sayı 94 nəfərdir. Onlar əsasən tələbələr, diplomatlar və Suriya vətəndaşları ilə ailə quran azərbaycanlıların ailə üzvləridir.

Bu gün Azərbaycanın Xarici İşlər Nazirliyi Suriyada yaranmış mürəkkəb vəziyyətlə bağlı xəbərdarlıq edərək, ölkə vətəndaşlarını bu dövlətə səfər etməkdən imtina etməyə çağırıb.

Mart ayının ortalarından başlayaraq Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda yaralananlar və ölənlər olub. Bunları nəzərə alaraq Azərbaycan XİN Suriyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmalarını, vacib olmadıqda səfərlərini təxirə salmalarını tövsiyə edir.

Bu ölkədə hər hansı problemlə üzləşən vətəndaşlara Azərbaycanın Suriyanın Dəməşq şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti