Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə macar alim, "Avrasiya Araşdırmaları" (Hollandiya) jurnalının baş redaktor müavini xanım Borbola Obruşanskanın ölkəmizin qədim və müasir tarixindən, mədəniyyətindən, təbii gözəlliklərindən, turist imkanlarından və çağdaş həyat tərzindən bəhs edən "Azərbaycan" kitabı çap olunub. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Macarıstanadakı səfirliyindən məlumat verilib.
Macar tədqiqatçı ötən ilin yayında Bakıya və Azərbaycanın digər regionlarına səyahət edib.
Səyahət zamanı o, təkcə tarix və mədəniyyət abidələri, adət-ənənələrimiz, milli mətbəximizlə deyil, həm də Ermənistanın işğalçılıq siyasəti nəticəsində köçkün həyatı yaşamağa məcbur olan soydaşlarımızla görüşüb.
300 səhifəlik kitabda tarixi bilgilərlə yanaşı bu təəssüratlar da öz əksini tapıb.
Sadə və cəlbedici üslubda yazılan, ölkə haqqında zəruri məlumatları özündə əks etdirən, çoxsaylı illüstrasiyalarla müşayiət olunan kitab ölkəmizə səfər etmək niyyətində olan macar turistlər və Azərbaycanla maraqlanan oxucular üçün maraq doğura bilər.
Macar alim öz əsərini Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr edib.