...

"Le Nouvel Economiste" iqtisadi nəşrində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr edilmiş məqalə dərc edilib

Siyasət Materials 27 May 2011 16:08 (UTC +04:00)
"Le Nouvel Economiste" (Yeni İqtisadçı) həftəlik iqtisadi nəşrinin mayın 26-da işıq üzü görən sayında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş "Avropanın sərhədində yerləşən sürətlə inkişaf edən ölkə" başlığı altında geniş məqalə dərc edilib.
"Le Nouvel Economiste" iqtisadi nəşrində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr edilmiş məqalə dərc edilib

Azərbaycan, Bakı, 27 may /Trend/

"Le Nouvel Economiste" (Yeni İqtisadçı) həftəlik iqtisadi nəşrinin mayın 26-da işıq üzü görən sayında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş "Avropanın sərhədində yerləşən sürətlə inkişaf edən ölkə" başlığı altında geniş məqalə dərc edilib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

10 səhifəlik məqalədə bildirilir ki, Qərblə Şərqin və məşhur İpək Yolunun üstündə olan, qədim ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanda təxminən bir əsr bundan əvvəl - 1918-ci ildə ilk Demokratik Respublika yaranıb. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa edib. Ölkə mayın 28-də müstəqilliyin bərpasının 20 illik yubileyini qeyd edəcək.

Məqalədə daha sonra bildirilir ki, neft və qazla varlı olan bu ölkənin əhalisinin Azərbaycanın inkişafı ilə bağlı ümidlərini azərbaycanlıların öz milli lideri kimi adlandırdığı keçmiş Prezident Heydər Əliyev doğruldub və Azərbaycanın hərtərəfli inkişafı bu şəxsiyyətin adı ilə bağlıdır.

Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən etibarən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə proqramlar həyata keçirilir. Bunun nəticəsində 930 000 yeni iş yerləri yaradılıb, regionlarda bir sıra mühüm sosial və iqtisadi layihələr reallaşdırılır, müvafiq infrastruktur müasirləşdirilir, qeyri-neft sektorunun dinamik templə inkişaf edir və müasir texnologiyaların və "know-how"-nun Azərbaycana gətirilməsi məqsədilə xarici sərmayələrinin cəlb edilməsi təşviq edilir.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Bakıda Fransanın Nəqliyyat məsələləri üzrə Dövlət Katibi Tiyeri Mariyanini qəbul edərkən söylədikləri fikirlər sitat gətirilir və qeyd olunur ki, Azərbaycan Fransa ilə nəqliyyat sahəsində, o cümlədən dəmir yolu, metro və yol nəqliyyatının inkişafı sahələrində əməkdaşlıqda maraqlıdır və Fransanın müasir texnologiyaları və "know-how"-su Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun müxtəlif sahələrində məhsul və xidmətlərin istehsalı və ixracatının inkişafına yardım edə bilər.

Məqalədə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, maliyyə naziri Samir Şərifovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondunun prezidenti Adil Məmmədovun, Azərbaycan investisiya şirkətinin prezidenti Əfqan İsayevin və bir neçə özəl şirkətlərin nümayəndələrinin müsahibələri dərc edilib.

1976-cı ildən işıq üzü görən "Le Nouvel Economiste" (Yeni İqtisadçı) Avropanın ən məşhur həftəlik iqtisadi nəşrlərindən biridir. Bu nəşr Avropanın, xüsusilə də Fransanın hökumət və biznes elitasının ən çox oxuduğu iqtisadi xəbərlər mənbəyidir. "Le Nouvel Economiste" Avropanın digər həftəlik nəşri olan Financial Times nəşrinin Fransada və fransız dilli ölkələrdə analoqu hesab edilir.

Xəbər lenti

Xəbər lenti