...

Pakistanda Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 28 May 2011 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend/

Pakistanın paytaxtı İslamabadda 28 May Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə bu ölkənin tanınmış ziyalıları, dövlət və hökumət adamları, jurnalistlər, xarici ölkələrin səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Səfir Daşqın Şikarov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, o cümlədən Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat verib.

Şikarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verib, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edilməsinə baxmayaraq, torpaqlarımızın hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu vurğulayıb.

Diplomat beynəlxalq birliyin və dünya dövlətlərinin, o cümlədən Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini vurğulayıb.

Mərasimdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib, Azərbaycan musiqiləri səsləndirilib.

İştirakçılara səfirliyin ingilis və urdu dillərində çap etdirdiyi "Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri", "Azərbaycan - Qafqazın cənnəti", "Azərbaycan poeziyası - dəryadan damla" və digər nəşrlər təqdim edilib.

Tədbirə əsas qonaq qismində qatılan Pakistanın mənzil və tikinti məsələləri üzrə dövlət naziri Raza Hayat Harrac 28 May Respublika Günü münasibəti ilə Pakistan hökuməti və xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, firavanlıq, tərəqqi və əmin-amanlıq arzulayıb.

Pakistanın dövlət televiziyası PTV-1 xəbərlər proqramında mərasimlə bağlı sujetlər verib, Azərbaycanın Pakistandakı səfirliyinin təqdim etdiyi "Azərbaycan cəlbedici turizm diyarıdır" filmini nümayiş etdirib.

Pakistanda ingilis və ərəb dillərində nəşr olunan "The Diplomatic Insight" jurnalında, ingilisdilli "Pakistan Observer", "The Nation" və urdudilli "Nava-i Vaqt", "Daily İttehad", "Daily Azkaar", "Daily K2" və "Daily Kainat" qəzetlərində Azərbaycanla bağlı məqalələr dərc edilib.

Məqalələrdə Heydər Əliyev Fondunun fəaliyyəti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial layihələr, həmçinin fond tərəfindən Pakistanda tikilən Rara Qızlar məktəbi haqqında dolğun məlumatlar verilib.

Xəbər lenti

Xəbər lenti