...

Hakim partiya: Azərbaycanda bütün siyasi partiyalar yenidən qeydiyyata alınacaq

Siyasət Materials 7 İyun 2011 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunandan sonra bütün siyasi partiyalar yeni tələblərə uyğun şəkildə yenidən qeydiyyatdan keçməlidir. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

"Qeydiyyatla bağlı təklifimiz ondan ibarətdir ki, siyasi partiyalar seçicilərin 0,1 faiz imzasını toplamalıdır. Azərbaycanda 5 milyona yaxın seçici var və onların 0,1 faizi 5 min nəfər edir. Dünyanın müxtəlif ölkələrində bu sistem tətbiq olunur. Misal üçün ABŞ-ın bəzi ştatlarında bu göstərici 7 faizə qədərdir. Bəzi dövlətlərdə 2 faizdir. Partiyalar respublika üzrə fəaliyyət göstərirlər. Ona görə də düşünürük ki, imzaların toplanması respublika üzrə aparılmalıdır. Hər bir seçki dairəsindən təqribən 200 imza toplanmalıdır", - Novruzov əlavə edib.

Onun sözlərinə görə, bu cür praktika Ukraynada və dünyanın bir çox ölkələrində var.

"Hətta Ukraynanın siyasi partiyalar haqqında qanununda şəhərlərin adları da göstərilib. Qeyd olunub ki, Xarkovdan, Krımdan və başqa regionlardan nə qədər səs toplanmalıdır. İstəyirik ki, bu, Azərbaycanda da tətbiq olunsun ki, partiyalar məhəlli partiyalar yox, ümumrespublika partiyaları olsun. Siyasi partiyaların yenidən qeydiyyata görə qorxmağına heç bir əsas yoxdur, çünki qeydiyyatla bağlı ən asan sənədləşmə Azərbaycandadır", - Novruzov vurğulayıb.

YAP funksioneri onu da qeyd edib ki, siyasi partiyaların sosial bazası olmalıdır.

"Əgər siyasi partiya alternativ layihələr təklif edirsə, özünün hakimiyyətə gəlmək iddiasını ortaya qoyursa, bu zaman sosial bazası və elektoratı olmalıdır. Bu sosial baza olmadıqda siyasi iddialar irəli sürməyə də ehtiyac yoxdur", - o qeyd edib.

Novruzovun sözlərinə görə, partiyaların yenidən qeydiyyatdan keçməsi maliyyələşmə məsələsi ilə də bağlıdır.

"Sosial bazanın göstərilməsi siyasi partiyaların maliyyələşməsi üçün vacibdir. Partiyalar dövlət büdcəsindən maliyyələşən zaman əvvəlki qaydalar tətbiq olunarsa, üç-beş nəfər yığışa, partiya yarada və sonra tələb edə bilər ki, onlara maliyə vəsaiti verilsin. Baş verə biləcək belə halların qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır", - millət vəkili bildirib.

Milli Məclisin payız sessiyasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar tərəfindən mövcud "Siyasi partiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsinə dair əlavə və dəyişikliklər edilməsi, yaxud yeni qanunun qəbulu ilə bağlı təkliflər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti