...

Müxalifət partiyaları Türkiyə Konstitusiyasına dəyişiklikləri dəstəkləməyə bilərlər - deputat

Siyasət Materials 14 İyun 2011 15:45 (UTC +04:00)
Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, Ərdoğanın partiyası konstitusiyanı yalnız müxalifət partiyalarının razılığı ilə dəyişdirə bilər.
Müxalifət partiyaları Türkiyə Konstitusiyasına dəyişiklikləri dəstəkləməyə bilərlər - deputat

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, Ərdoğanın partiyası konstitusiyanı yalnız müxalifət partiyalarının razılığı ilə dəyişdirə bilər. Onlar öz növbəsində idarəetmə formasının dəyişdirilməsi ilə bağlı bəndlərə görə bunun əleyhinə çıxış edə bilərlər. Türkiyə Böyük Millət Məclisinin deputatı Onur Oymen belə düşünür.

"Müxalifət partiyaları idarəetmə formasının dəyişdirilməsinin əleyhinə çıxış edəcəklər və bu, konstitusiyaya dəyişikliklərlə bağlı çətinliklərə səbəb ola bilər", - Trend-ə Ankaradn telefonla müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat Öymen qeyd edib.

Onun sözlərinə görə, müxalifət yeni konstitusiyanın hazırlanmasını gözləyir və yalnız onunla tanış olduqdan sonra bununla bağlı özünün son qərarını bildirəcək.

Türkiyə Konstitusiyasına düzəlişlər prezidentin səlahiyyət müddətinə, ölkədə ombudsmanın fəaliyyətinə və siyasi partiyaların qadağan edilməsi prosesinin çətinləşdirilməsinə dair müddəalara dəyişiklikləri nəzərdə tutur. Ərdoğan bu siyahıya Türkiyədə idarəetmə sisteminə dair müddəalara dəyişikliklərin əlavə edilməsini də təklif edir.

Türkiyədə keçirilən parlament seçkilərində, proqnozlaşdırıldığı kimi, Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) bülletenlərin 99 faizi hesablandıqdan sonra seçicilərin 50 faizinin səsini toplayaraq qalib gəlib.

Əldə olunan nəticələrlə Ərdoğanın partiyası yeni parlamentdə 326 mandat əldə edib ki, bu da ona birpartiyalı hökumət formalaşdırmaqda kömək edəcək. Lakin bu, AKP-yə TBMM-də yeni konstitusiyanın sərbəst şəkildə qəbul edilməsinə və referendum keçirilməsinə imkan vermir.

Türkiyə Konstitusiyasına görə, prezident partiya liderinə müvafiq tapşırıq verdiyi andan 45 gün ərzində hökumət formalaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti