Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir S.Ağayeva/
ABŞ ola bilsin ki, Qəbələ RLS məsələsi ilə bağlı Azərbaycanla dialoqu davam etdirsin. Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro cümə günü Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ Rusiya ilə və NATO ilə tərəfdaşlıq çərçivəsində raket əleyhinə müdafiə (RƏM) sistemləri məsələsini müzakirə edir.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun sözlərinə görə, Qəbələ RLS Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir, eləcə də Rusiyanın təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Moskva "böyük səkkizliy"in 2007-ci ilin yayında keçirilən sammitində ABŞ-a Azərbaycanda yerləşən Qəbələ RLS-dən, həmçinin Rusiyanın cənubunda - Armavirdə inşa edilən raket buraxılışının xəbərdar edilməsi üzrə stansiyadan birgə istifadə etməyi təklif edib.
Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin RƏM sisteminin vacib elementi kimi inşa edilib. Azərbaycanın müstəqillik qazanmasından və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, ondan istifadəni davam etdirib.
RLS-in icarəyə verilməsi barəsində onillik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan Parlamentinin müzakirə predmeti olub. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14,4 mln. dollara qədər artırılması barədə məsələ qaldırmışdı.