...

Argentinanın əyalətləri ilə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Siyasət Materials 1 İyul 2011 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul / Trend, müxbir M.Əliyev/

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ölkənin şimal-şərq əyalətləri olan Çako və Korrientesə səfər edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Argentinadakı səfirliyindən bildirilib.

Səfir Çakoda əyalətin qubernatoru Jorje Kapitaniç (Jorge Capitanich), Deputatlar Palatasının sədri Juan Xose Bergia (Juan José Bergia) və digər parlamentarilərlə, habelə əyalətin mərkəzi olan Resistencia şəhərinin meri Aida Ayala ilə görüşüb. Korrientes əyalətində isə vitse-qubernator və əyalətin Senatının sədri Braillard Pokkard (Braillard Poccard) və Senatın digər üzvləri, Deputatlar Palatasının sədri Pedro Kassini (Pedro Cassani) və palatanın digər üzvləri, iqtisadiyyat naziri Jorje Vara (Jorge Vara), əyalətin mərkəzi olan Korrientes şəhərinin meri Gamau Espinola (Camau Espínola) ilə görüşlər keçirilib.

Görüşlərdə səfir Azərbaycanın həqiqətləri, müstəqillik tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin dövlətçiliyin gücləndirilməsi və iqtisadi inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri, regional liderliyi, mədəni müxtəlifliyi və zəngin irsi, Latın Amerikası ölkələri, xüsusilə də Argentina ilə əməkdaşlığı barədə ətraflı məlumatlar verib. Görüşlərdə, əyalət və şəhərlərlə Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub və bu istiqamətdə birgə maraq kəsb edən tədbirlərin, qarşılıqlı səfərlərin təşkili və müvafiq sənədlərin imzalanması planlaşdırılıb.

Səfər çərçivəsində hər iki əyalətin işgüzar dairələrində Azərbaycanın iqtisadi potensialı və ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarına dair "dəyirmi masa"lar da təşkil olunub. Tədbirlər Çako əyalətində Resistensiya Ticarət Palatası və Çako İqtisadiyyat Federasiyasının birgə təşkilatçılığı, habelə Korrientes əyalətində isə Korrientes Ticarət Birjasının təşkilatçılığı ilə keçirilib. Tədbirlərdə səfir Əhmədzadə çıxış edib və iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində hər iki əyalətin ümumi ali təhsil müəssisəsi olan Şimal Şərq Dövlət Universitetinin (Universidad Nacional del Nordeste ) rektoru Eduardo del Valle və universitetin rəhbər heyəti ilə də göruş keçirilərək Azərbaycan haqqında məlumat verilib və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər zamanı Azərbaycanın səfiri hər iki əyalətin çoxsaylı KİV-nə müsahibələr verib və səfər KİV-də geniş şəkildə işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti