Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda bəzi siyasi qüvvələr müxalifəti monopoliyaya alıblar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Cəlaloğlu hesab edir ki, həmin qüvvələr müxalifətdə onlardan kənar bir ideya ortaya çıxanda dərhal onu qaralamağa başlayırlar.
"Bu baxımdan ADP-nin yaradılmasına təşəbbüs göstərdiyi "Xalq Parlamenti"nin guya İctimai Palataya alternativ olduğu barədə fikirlər səslənir. Lakin bu qurumun İctimai Palataya alternativ olaraq yaradılacağı barədə səslənən fikirlər tamamilə yalnışdır. İctimai Palata simvolik parlament rolu oynamır, onun 400-dən çox üzvü var və həmin qurum Koordinasiya Şurası vasitəsilə idarə olunur. Bundan əlavə, bizim nəzərdə tutduğumuz ideyanın heç birini onlar həyata keçirmirlər. Nə forma cəhətdən, nə də ideya və məzmun cəhətdən heç bir oxşarlıq yoxdur", - Cəlaloğlu əlavə edib.
ADP sədri rəhbərlik etdiyi partiya tərəfindən irəli sürülən təklif haqqında da söz açıb.
"İdeya var ki, simvolik parlament yaradılsın və bunun üçün istəyirik ki, təşəbbüs qrupu yaradaq. İdeya hələ tam hazır deyil, ona görə də onu tam formalaşdırmaq lazımdır. Biz bu məsələdə tələsmirik və bu ideyanı tələsik reallaşdırmaq məqsədimiz yoxdur. İstəyirik ki, başqa yoldaşlarla da görüşək, onların da fikirlərini alaq və bilək ki, onlar necə düşünürlər", - o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Parlamenti majoritar qaydada formalaşdığı üçün yaradılacaq simvolik parlamentdə partiyalar önə çəkilməyəcək.
"Nəzərdə tutmuşuq ki, nə İqbal Ağazadə, nə də mən bu parlamentin işində iştirak etsək də, rəhbərliyində təmsil olunmayaq", - o vurğulayıb.
Azərbaycanda bəzi siyasi qüvvələr müxalifəti monopoliyaya alıblar - partiya sədri
Azərbaycanda bəzi siyasi qüvvələr müxalifəti monopoliyaya alıblar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
