...

Azərbaycanın diaspor təşkilatı rəhbərlərinin Azərbaycan hökumətinin nümayəndələri ilə görüşü keçirilib

Siyasət Materials 6 İyul 2011 15:37 (UTC +04:00)
Azərbaycanın diaspor təşkilatı rəhbərlərinin Azərbaycan hökumətinin nümayəndələri ilə görüşü keçirilib.
Azərbaycanın diaspor təşkilatı rəhbərlərinin Azərbaycan hökumətinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın diaspor təşkilatı rəhbərlərinin Azərbaycan hökumətinin nümayəndələri ilə görüşü keçirilib. Trend-in məlumatına görə, çərşənbə günü keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) rəhbəri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının rəhbəri Hidayət Orucov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə DİDK sədri İbrahimov açıb. O qeyd edib ki, iyulun 5-də keçirilən qurultayda çıxışlar çox olduğuna görə diaspor nümayəndələri ilə hökumət nümayəndələri arasında müzakirələr aparmaq mümkün olmayıb. Ona görə də diaspor rəhbərləri ilə hökumət nümayəndələri arasında ayrıca görüş təşkil olunub. İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı çıxışının diaspor təşkilatlarının fəaliyyəti üçün proqram xarakterli olduğunu deyib. İbrahimov onu da əlavə edib ki, diaspor təşkilatları gələcək illərdə də Azərbaycanın dünyada tanıdılması istiqamətində işlər görməlidirlər.

Daha sonra Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edib. O, Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlardan söz açıb. Onun sözlərinə görə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakçıdır. Mustafayev Azərbaycan ərazilərinin 85 faizinin qazlaşdırıldığını da bildirib.

"Son 10 ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 4 dəfə, sənaye məhsullarının istehsalı isə 3 dəfə artıb. Son bir neçə ildə isə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb", - o əlavə edib.

Mustafayev Azərbaycan iqtisadiyyatının qarşısında duran prioritet istiqamətlərdən də söz açıb.

Onun sözlərinə görə, prioritet istiqamətlər makroiqtisadi sabitliyin qorunub saxlanılması, Azərbaycanın qeyri-neft sektorunun, tranzit potensialının və ölkənin münbit şəraitindən istifadə edərək kənd təsərrüfatının inkişaf etdirilməsidir.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Qarayev diaspor nümayəndələrinə tövsiyə edib ki, onlar Ermənistan tərəfindən Azərbaycanın mədəniyyət nümunələrinə qarşı həyata keçirilən təcavüzün qarşısının alınmasında fəal iştirak etsinlər.

Tədbirdə ombudsman Elmira Süleymanova, təhsil naziri Misir Mərdanov, millət vəkili Sabir Rüstəmxanlı və digər rəsmi şəxslər də çıxış ediblər. Çıxışlardan sonra müzakirələr başlanıb. Diaspor nümayəndələri ilə hökumət nümayəndələri arasında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti