...

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr faydalı əməkdaşlıq səviyyəsinə yüksəlib - spiker

Siyasət Materials 15 İyul 2011 17:54 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr faydalı əməkdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr faydalı əməkdaşlıq səviyyəsinə yüksəlib - spiker

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr faydalı əməkdaşlıq səviyyəsinə yüksəlib. Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə bildirib.

"Əgər əvvəllər əlaqələrimiz Avropa İttifaqı tərəfindən yardımlar səviyyəsində qurulmuşdusa, bu gün münasibətlərimiz qarşılıqlı, faydalı əməkdaşlıq səviyyəsinə yüksəlib", - Əsədov deyib.

Spiker vurğulayıb ki, Avropa İttifaqı və quruma üzv olan ölkələrlə əlaqələrin daha da dərinləşməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

"Biz Avropa qurumları ilə iş birliyini bundan sonra da genişləndirmək niyyətindəyik. Əlaqələrimiz "Avropa Qonşuluq Siyasəti" və bu siyasətin tərkib hissəsi olan "Şərq Tərəfdaşlığı" vasitəsilə yüksələn xətlə inkişaf edir. Bu proqramın parlament ölçüsü olan Avronest Parlament Assambleyasının təsis edilməsi əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxmasına kömək edəcək", - Azərbaycan parlamentinin sədri bildirib.

Spiker həmçinin Dağlıq Qarabağ münaqişəsinin regionun iqtisadi tərəqqisinə mane olmaqla yanaşı, həm də Avropa təhlükəsizlik arxitekturası üçün təhdid olduğunu vurğulayıb.

Görüşdə Avropa Parlamentinin üzvü Franko Qaston qeyd edib ki, qurum Azərbaycanla təkcə enerji sahəsində deyil, parlamentlər səviyyəsində, mədəni və humanitar sahələrdə əməkdaşlıqda da maraqlıdır.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti