...

Moskvada Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayıb

Siyasət Materials 19 İyul 2011 12:49 (UTC +04:00)
Çərşənbə axşamı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 29-cu iclası öz işinə başlayıb.
Moskvada Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayıb

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Çərşənbə axşamı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 29-cu iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

"İşçi qrupun 2009-cu ilin martında Moskvada keçirilən əvvəlki iclasından iki il keçir. Bu dövr Xəzər dialoqunun yüksək intensivliyi ilə xarakterizə olunur: Xəzərin statusu üzrə danışıqların üç mərhələsi keçirilib. Xəzəryanı dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin işlənməsi üzrə ayrıca müzakirələri aparılıb", - Rusiya xarici işlər nazirinin stats-katibi Qriqori Karasin iclası açarkən deyib.

Onun sözlərinə görə, Moskvadakı hazırkı görüşlər zamanı beş Xəzəryanı dövlətin nümayəndə heyəti 2010-cu ilin sonlarında keçirilən Bakı sammitinin qərarlarının inkişafı üçün sənədləri hazırlamalıdırlar.
Karasin onu da bildirib ki, iyulun sonlarında Həştərxanda Xəzər dənizinin su bioresursları üzrə komissiyanın növbədənkənar iclası keçirilməlidir. İclasa beş Xəzəryanı dövlətin nümayəndə heyəti dəvət edilib.

Karasin bu iclasda bundan əvvəl Rusiya tərəfinin hazırladığı Xəzər dənizinin nərə balığı ehtiyatlarının qorunması haqqında sazişin dəstəkələnəcəyinə ümidini ifadə edib.

Dünən RF xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırkı iclasın gedişində Moskvada keçirilməsi planlaşdırılan Xəzəryanı dövlət başçılarının növbəti sammitinin tarixi və gündəliyi müəyyənləşdiriləcək.

İclas işini iyulun 20-də başa vuracaq.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti