...

Azərbaycanın hakim partiyası bəzi müxalifət partiyalarının iddialarına mövqeyini açıqlayıb

Siyasət Materials 10 Avqust 2011 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bəzi müxalifət partiyalarının iddialarına mövqeyini açıqlayıb.

"Partiyalar öz zəifliklərinin səbəbini onlara yaradılan şəraitdə yox, öz daxili fəaliyyətlərində axtarmalıdırlar", - çərşənbə günü Trend-ə YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti "Siyasi partiyalar haqqında" qanunun tələbləri çərçivəsində həyata keçirilir.

"Azərbaycanda bütün siyasi partiyalar üçün bərabər şərait yaradılıb. Sadəcə olaraq, bir sıra partiyalar qanunun tələblərinə uyğun fəaliyyət istiqamətini müəyyənləşdirib, bir hissəsi isə partiya nizamnaməsi əsasında yox, partiya sədrinin və ya funksionerinin iradəsi əsasında fəaliyyət göstərir. Məhz həmin partiyalarda inkişaf yoxdur və insanlar həmin partiyalara etimad göstərmirlər", - Novruzov əlavə edib.

YAP funksioneri vurğulayıb ki, öz fəaliyyətini qanun çərçivəsində qurmayan partiyalar parçalanır və gün-gündən zəifləyir.

"Biz son zamanlar bəzi partiyaların üzvlərinin kütləvi şəkildə partiya sıralarını tərk etməsini müşahidə edirik. Partiyalar üçün şəraitin yaradılmadığını iddia edən şəxslər rəhbərlik etdikləri partiyaların parçalanmasının, zəifləməsinin səbəblərini özlərində axtarmalıdırlar, onlar üçün yaradılan şəraitdə yox. Çünki Azərbaycanda bütün partiyaların fəaliyyəti üçün qanunvericilik çərçivəsində bərabər şərait yaradılıb", - o vurğulayıb.

Novruzov Azərbaycanda heç bir partiyaya müstəsna şəraitin yaradılmadığını da bildirib.

"Partiya öz fəaliyyəti ilə sıralarına üzvlər cəlb edir. İnsanlar partiyanın nizamnaməsini, proqramını bəyəndikdən sonra həmin partiyaya dəstək göstərirlər. Bu partiyanın gələcək potensialının necə olacağını, cəmiyyətlə dövlət arasında necə rol oynaya bilməsini nəzərə alaraq partiya sıralarına qoşulurlar. Bu gün Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılmadığını iddia edən partiyalar 20 il bundan əvvəl də, indi də eyni şəkildə fəaliyyət göstərirlər və onların fəaliyyəti uğurlu olmur. İnsanlar da həmin partiyanın gələcəyinin olmadığını görür və partiya sıralarını tərk edirlər", - millət vəkili qeyd edib.

Azərbaycanın bir sıra müxalifət partiyalarının sədrləri və funksionerləri millət vəkili Siyavuş Novruzovun çərşənbə axşamı YAP-ın rəsmi saytında yayımlanan müsahibəsinə münasibət bildirərkən qeyd ediblər ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılmayıb.

Novruzov müsahibəsində bildirmişdi ki, Azərbaycanın siyasi partiyalarının fəaliyyətində islahata ehtiyac var.

Xəbər lenti

Xəbər lenti