...

Əli Həsənov: Azərbaycan və Gürcüstan münasibətlərini pozmağa çalışan kənar qüvvələr var (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Avqust 2011 14:49 (UTC +04:00)
Son zamanlar Gürcüstan azərbaycanlılarının problemlərini qabardaraq Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan kənar qüvvələr meydana çıxıb.
Əli Həsənov: Azərbaycan və Gürcüstan münasibətlərini pozmağa çalışan kənar qüvvələr var (ƏLAVƏ OLUNUB)

Əli Həsənovun çıxışı əlavə olunub (ilk xəbər 13:56-da yayılıb)

Gürcüstan, Batumi, 29 avqust /Trend, müxbir T.Hacıyev/

Son zamanlar Gürcüstan azərbaycanlılarının problemlərini qabardaraq Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışan kənar qüvvələr meydana çıxıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontenstində" mövzusundakı konfransda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"İnsan hüquqları, vətəndaş hüquqları adı ilə mövcud problemlərdən spekulyativ şəkildə istifadə edən qüvvələr var. Çalışmalıyıq ki, Azərbaycanla Gürcüstanın arasına ikinci qüvvə girməsin", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin yürütdüyü siyasət bir tərəfdən dünya standartlarına uyğundur, digər tərəfdən bu siyasətdə yerli şərtlər - etnik, milli və dini azlıqların maraqları nəzərə alınır.

"Həm Azərbaycanda, həm də Gürcüstandakı QHT-lərdən istifadə edərək, azərbaycanlıların insan hüquqları, vətəndaş hüquqları adı altında bəzən mövcud problemlərdən spekulyativ şəkildə istifadə edərək Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışan xarici qüvvələr var. Çox ehtiyatlı olun. İstər insan hüquqları, istər vətəndaş cəmiyyəti istiqamətində, istərsə də son zamanlar daha çox aktuallaşmış dini müdaxilə səviyyəsində olsun, münasibətlərimizin arasına üçüncü qüvvələrin girməsinə şərait yaratmayın", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, Cənubi Qafqaza dini missiyaları ilə girməyə çalışanlar öz maraqları çərçivəsində fəaliyyət göstərirlər.

"Bu gün azərbaycanlılar arasında missionerlər fəaliyyət göstərirlər. Gürcüstanın müvafiq dövlət, xüsusilə təhlükəsizlik qurumlarını bu tipli qüvvələrə həddən artıq diqqətlə yanaşmağı, onların buradakı niyyətlərini aşkar etməyi dost və qardaş ölkənin nümayəndəsi kimi tövsiyə edirəm", - o əlavə edib.

Həsənov Cənubi Qafqazın gələcəyinin, dünyadakı yerinin bu coğrafiyada yaşayan bütün əhalinin maraqlarının nəzərə alınması yolu ilə təmin olunmasını mümkün hesab edir.

"Üç Cənubi Qafqaz ölkəsi indiyə qədər kənar qüvvələrin də təsiri və dəstəyi ilə yaranmış münaqişələrdən yaxa qurtarmalıdır. Münaqişələrin həlli beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində, bütün milli azlıqların milli vətəndaş hüquqlarının təmin olunması vasitəsi ilə həyata keçirilməlidir. Cənubi Qafqaz ölkələrinin birliyinə, onların daxilində vətəndaş sülhünə, ölkələrarası sülhə nail ola bilərik. Beləliklə, qlobal dünyaya inteqrasiyamızı davam etdirə bilərik", - PA rəsmisi çıxışında deyib.

Konfrans avqustun 28-dən öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterine Txeşeloşvili və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti