...

MDB-nin Düşənbə sammitinin gündəliyi açıqlanıb

Siyasət Materials 2 Sentyabr 2011 18:10 (UTC +04:00)
MDB dövlət başçıları Düşənbədə sentyabrın 3-də Birliyin gələcək inkişaf məsələlərini nəzərdən keçirəcək və aktual beynəlxalq problemləri müzakirə edəcəklər.
MDB-nin Düşənbə sammitinin gündəliyi açıqlanıb

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

MDB dövlət başçıları Düşənbədə sentyabrın 3-də Birliyin gələcək inkişaf məsələlərini nəzərdən keçirəcək və aktual beynəlxalq problemləri müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

"2011-ci il sentyabrın 3-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək. Zirvə görüşünə Tacikistan Prezidenti İmaməli Rəhman sədrlik ediləcək. MDB liderləri aktual beynəlxalq problemləri, Birliyin gələcək inkişaf məsələlərini nəzərdən keçirəcək və fikir mübadiləsi aparacaqlar", - Kremlin mətbuat xidməti yazır.

2011-ci ilin dekabr ayında Müstəqil Dövlətlər Birliyinin 20 yaşı tamam olur.

Rusiya Prezidentinin mətbuat xidmətindən bildirilib ki, Dövlət Başçıları Şurasının iclasında "20 il ərzində MBD-nin fəaliyyətinin nəticələri və gələcək məsələlər" adlı analitik məruzənin layihəsi müzakirə olunacaq. Bu yubileylə bağlı prezidentlərin birgə bəyanatının qəbul edilməsi gözlənilir. Bununla yanaşı, təşkilatın inkişafına mühüm töhfə vermiş MBD ölkələri vətəndaşlarının MDB diplomu ilə təltif edilməsi də planlaşdırılıb.

Digər tərəfdən, Böyük Vətən müharibəsinin başlanmasının 70-ci il dönümü ilə əlaqədar bu qanlı müharibədə iştirak etmiş MDB ölkələrinin xalqları və qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında sazişin imzalanması da planlaşdırılıb.

"Bu, Birliyin bütün ölkələri üçün mühüm əhəmiyyət kəsb edən və bizim xalqların qəhrəmanlığının qorunması yönündə təşkilat çərçivəsində aparılan işin davam etdirilməsini hədəf götürən bir sənəddir", - mətbuat xidmətindən deyilib.

Gözlənildiyi kimi, prezidentlər həmçinin MBD çərçivəsində müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı tənzimləyən bəzi sənədləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi və miqrasiya siyasəti ilə bağlı sənədləri qəbul edəcəklər.

Bildirilib ki, dövlət başçıları eyni zamanda Birliyin sonrakı inkişaf məfhumunun həyata keçirilməsinə dair əsas tədbirlər planının yerinə yetirilməsi haqqındakı məlumatı da nəzərdən keçirəcəklər.

Həmçinin, iclasda kadrlar və təşkilat xarakterli ayrı-ayrı məsələlərin, o cümlədən 2012-ci ildə Birliyin rəhbərliyi və növbəti iclasın keçirilməsinə dair məsələlərin razılaşdırılması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti