...

İran hökuməti Urmiya gölünün xilası üçün 900 milyon dollar vəsait ayırıb

Siyasət Materials 5 Sentyabr 2011 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

İran hökuməti Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Bu barədə İranın Ətraf Mühit və Ekologiya Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə bildirib. Trend-in məlumatına görə, xəbəri İran televiziyasının rəsmi xəbər saytı yayıb.

"Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsi nəzərdə tutulur. Bu layihəni həyata keçirmək üçün isə hökumət tərəfindən 900 milyon dollar vəsait ayrılıb", - Məhəmmədizadə deyib.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökumətinin gördüyü tədbirlər hələ ki kifayət deyil.

İran Prezidenti və hökumət nümayəndələrinin ötən il Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur.

Avqustun ortalarında İran parlamentinin nümayəndələri Urmiya gölünün qurmasının qarşısının alınması üçün təqdim olunan iki layihənin növbədənkənar müzakirəsinə qarşı çıxmışdılar. Layihələrdə Urmiya gölünə Araz və Silvə çaylarından su kəməri çəkilməsi nəzərdə tutulurdu.

Bundan sonra iki həftə ərzində İranın Urmiya və Təbriz şəhərlərində parlamentin bu addımına qarşı və hökumətin Urmiya gölünün xilası üçün tutarlı addımlar atmamasına etiraz əlaməti olaraq mitinqlər keçirilib. İranın Fars xəbər agentliyinin məlumatına görə, şənbə günü keçirilən son mitinqdə Urmiya şəhərində 60 nəfər həbs edilib.

İran Prezidentinin Parlament məsələləri üzrə müavini Məhəmmədrza Mirtacəddini jurnalistlərə açıqlamasında hökumətin Urmiya gölü probleminin həlli üçün Nazirlər Kabinetində ciddi müzakirələr aparıldığını və qərarlar qəbul olunduğunu bildirib.

"Urmiya gölünün xilası üçün İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhiminin başçılığı ilə işçi qrup yaradılıb. Qrup bu problemin həlli istiqamətində ciddi işlər görür", - Mirtacəddini deyib.

O əlavə edib ki, Araz çayından suyun Urmiya gölünə axıdılması məqsədilə bu ilin dövlət büdcəsindən 25 milyard tümən (22 milyon dollar) vəsait ayrılıb.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Xəbər lenti

Xəbər lenti