...

Azərbaycan həyatın bütün sahələrində dinamik inkişaf edən müasir ölkədir - Mehriban Əliyeva (FOTO)

Siyasət Materials 12 Sentyabr 2011 20:48 (UTC +04:00)
Sentyabrın 12-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilib.
Azərbaycan həyatın bütün sahələrində dinamik inkişaf edən müasir ölkədir - Mehriban Əliyeva (FOTO)

Sentyabrın 12-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin 11-ci illik toplantısı keçirilib. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplantıda iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında baş direktor İrina Bokova qarşıladı.

Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfirləri ilə görüşdü. Xoşməramlı səfirlər Azərbaycanın birinci xanımını böyük hərarətlə qarşıladılar.

Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək bütün dünyada YUNESKO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar YUNESKO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər.

YUNESKO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda da fəal iştirak edirlər. Sadalanan bütün bu amilləri Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva öz fəaliyyətində prioritet məsələ kimi rəhbər tutur. Məhz buna görədir ki, Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri və Heydər Əliyev Fondunun prezidenti kimi bütün dünyada çox böyük nüfuza malikdir.

25 xoşməramlı səfirin iştirak etdiyi toplantını YUNESKO-nun baş direktoru İrina Bokova açdı.

Səfirləri salamlayan İrina Bokova ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə xoşməramlı səfirlərə məlumat verdi. İrina Bokova bildirdi ki, YUNESKO dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxlayır. Baş direktor dövlətlər və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dedi. YUNESKO-nun baş direktoru bir müddət əvvəl Haitidə baş verən təbii fəlakətin aradan qaldırılması üçün daim öz nəcib təşəbbüsləri ilə seçilən Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yardımını yüksək qiymətləndirdi, ona dərin minnətdarlığını bildirdi.

YUNESKO-nun xoşməramlı səfirlərinin növbəti toplantısının böyük əhəmiyyət daşıdığını deyən İrina Bokova təşkilatın xoşməramlı səfirlərinin sırasına daha beş yeni üzvün əlavə olunduğunu bildirdi.

Sonra xoşməramlı səfirlərin sonuncu görüşündən ötən dövr ərzində dünyasını dəyişən iki xoşməramlı səfirin xatirəsi yad edildi.

Daha sonra çıxışlar oldu.

YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış etdi.

"Bu ilin yazında biz Azərbaycanın müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Azərbaycan Gününü YUNESKO-nun qərargahında təşkil etdik. Ölkəmiz həmin illər ərzində bir çox problem və çətinliklərlə üzləşdi, lakin biz həmin gərgin şəraitdən layiqincə çıxdıq və öz dövlətçiliyimizi qurduq", - Azərbaycanın birinci xanımı deyib.

Mehriban xanım Əliyeva bildirib ki, bu gün Azərbaycan həyatın bütün sahələrində, o cümlədən mədəniyyət, elm və təhsildə dinamik inkişaf edən müasir ölkədir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf edir və ölkəmiz regionun şəksiz iqtisadi lideridir.

"YUNESKO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq təşəkkül tapıb. YUNESKO həm Azərbaycan hökuməti, həm də ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığını inkişaf etdirir. YUNESKO və Heydər Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və mədəniyyət mərkəzləri tikir, Azərbaycanda yüksək səviyyəli musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçiririk.

Biz təhsilin inkişaf etdirilməsi, bəşəri mədəni irsin qorunması və təhsilə daha geniş çıxışın təmin edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə və ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələri öz qarşımızda qoymuşuq. Çətinliklər məngənəsində olan insanlara yardım göstərən ilk təşkilatlardan biri də hər zaman məhz YUNESKO olur. Bu gün keçirilən toplantının mövzusu təbii fəlakətlər və münaqişələr sahəsində təşkilatımızın üzərinə götürdüyü öhdəliyə həsr olunub. Azərbaycan bu məsələlərə öz təcrübəsindən bələddir", - YUNESKO-nun xoşməramlı səfiri deyib.

Azərbaycanın birinci xanımı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Ölkə torpaqlarının böyük bir hissəsi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarına qayıtmaqdan məhrumdur.

"Qaçqın və məcburi köçkün düşərgələrində anadan olmuş və böyümüş uşaqlardan ibarət yeni nəsil öz yurd-yuvaları barədə məlumatı yalnız ata və babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil və tibbi yardım almaq, inkişaf etmək və parlaq gələcəyə malik olmaq hüququ vardır. Buna görə də biz hərbi münaqişələr və təbii fəlakətləri yaşamış bütün ölkə və xalqların ağrılarını anlayırıq və bölüşürük. Həmin insanlar nəinki qidaya, çadırlara və tibbi ləvazimata ehtiyac duyurlar. Təsirə məruz qalmış yerlərin sakinlərinin normal həyatı bərpa olunmalıdır. Dünyadakı bütün uşaqlar kimi, müharibə və təbii fəlakətlərin acılarını yaşamış gənclərin də xoşbəxt gələcəyə haqqı vardır", - xanım Əliyeva bildirib.

Mehriban Əliyeva vurğulayıb ki, qarşımızda duran digər mühüm və ağır vəzifə hərbi əməliyyatlar və münaqişələr zonalarında tarixi abidələrin qorunmasından ibarətdir.

"Bu abidələr qorunmur və bir çox hallarda məhvə məruz qalır. Belə cinayətlər bəşəriyyətin irsinə qarşı yönəlir. Bu irsin qorunması və mühafizəsi təşkilatımızın əsas prioritetlərindəndir. Yarandığı gündən YUNESKO gənclərin hüquqlarını müdafiə edib. Onların təhsili və inkişafı üçün yeni imkanların açılması təşkilatın əsas prioritetləri sırasındadır. Bu gün gənclər dünyanın dəyişilməsində əsas iştirakçıdırlar və dialoq ilə dözümlülük mədəniyyətini fəal surətdə təşviq edirlər. Son qlobal hadisələr cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarına çevrilmək fürsətinin gənclər üçün təmin edilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirdi", - birinci xanım deyib.

"İndi isə, mən Azərbaycanda həyata keçirdiyimiz bir sıra mühüm təşəbbüsləri qeyd etmək istərdim! İcazə verin, Sivilizasiyalar Alyansı Təşəbbüsü çərçivəsində gənclər platformasının qurulmasında Dialoq və Əməkdaşlıq naminə İslam Konfransının Gənclər Forumunun gördüyü böyük işləri sadalamaqla başlayım. 2007-ci ilin noyabrında Forum Heydər Əliyev Fondunun və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə Bakıda "Sivilizasiyalar Alyansı naminə Gənclər" adlı beynəlxalq konfransı təşkil etdi. Gənc liderlər Sivilizasiyalar Alyansına dəstək olaraq qlobal gənclər hərəkatının yaradılması ilə bağlı təklifimizi tam şəkildə dəstəklədilər. Dörd il gərgin iş apardıqdan sonra Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı Heydər Əliyev Fondunun himayəsi ilə Bakıda aprel ayında keçirilmiş birinci toplantıda təsis edildi.

Mədəniyyətlərarası dialoqa gender aspektini daxil etmək və qadın liderləri sülh mədəniyyəti mühitində formalaşdırmaq məqsədilə biz İslam Konfransının Dialoq və Əməkdaşlıq naminə Gənclər Forumu ilə "Mədəniyyətlərarası Dialoqda Qızlar və Gənc Qadınlar" adlı xüsusi proqramı təqdim etdik. Bu iş 2008-ci ilin iyun ayında Bakıda YUNESKO və İSESKO-nun birgə təşkil etdiyi Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsinə həsr olunmuş Beynəlxalq Forumda başlandı. Biz informasiya və kommunikasiya texnologiyaları sahəsində gənclərin yeni və yaradıcı ideyalarını dəstəkləməkdə davam edirik. Bakıda 2009-cu ilin noyabrında keçirilmiş və təxminən 50 ölkədən gələn gənc İKT peşəkarlarını bir araya gətirmiş "Yeni nəslin İKT biliklərinin və bacarıqlarının gücləndirilməsi" adlı beynəlxalq konfrans bu cür töhfənin bir təzahürüdür.

Məmnuniyyətlə bildirirəm ki, cari ilin noyabr ayında Azərbaycanın paytaxtında digər beynəlxalq təşəbbüs - İKT ölkələri üçün Gənc Sahibkarlar Şəbəkəsi həyata keçiriləcəkdir. Biz səmimiyyətlə həmin şəbəkənin qurulmasını gözləyirik. Çünki o, müsəlman ölkələrində gənclər arasında işsizliyin azaldılması, gənclərin radikallaşması və ekstremizm, eləcə də cinayətkarlıq və digər əməllərə qoşulma kimi problemlərin həllində gənclərə müxtəlif yollarla yardımçı olacaqdır.

Bu gün biz çətin vəzifə və problemlərlə üzləşirik. Bu görüş yeni ideyalarla bölüşmək, əldə etdiyimiz nailiyyətlər və qarşılaşdığımız çətinliklər haqqında danışmaq üçün yaxşı fürsətdir. YUNESKO öz gərgin əməyi ilə bu məramı daha da genişləndirəcək yüksək nüfuzlu təşkilatdır", - xoşməramlı səfir çıxışını tamamlayıb.

Xoşməramlı səfirlərin 11-ci toplantısında YUNESKO-nun fəaliyyəti ilə bağlı məsələlər və təşkilatın dəyərlərinin dünyada dəstəklənməsi yolları müzakirə edildi. Sonra YUNESKO-nun gender bərabərliyindəki fəaliyyəti, münaqişə və təbii fəlakətlərdən sonrakı vəziyyət, "Təhsil hamı üçün-2011" Ümumdünya məruzəsinin təqdimatı və digər məsələlərlə bağlı məruzələr dinlənildi, müzakirələr aparıldı. Bundan başqa, toplantıda iştirakçılar gənclərin problemləri, vətəndaşların sülhün və mədəniyyətlərarası dialoqun möhkəmlənməsindəki iştirakının genişləndirilməsi məsələlərinə toxundular.

Bildirildi ki, YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə də həmin sahələrdə həyata keçirilən proqram və layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır. Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi çox böyük işlər görür, mühüm layihələr reallaşdırır.

Sonda xatirə şəkli çəkdirildi.

YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri də təqdim olundu. Burada Azərbaycanın müasir inkişafını əks etdirən şəkillərlə yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun da maraqlı fotoları var idi. Bundan başqa, Fondun Azərbaycan tarixi və mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə kataloqları da maraqla qarşılandı. Avropa ailəsinin üzvü olan respublikamızın zəngin mədəniyyəti, tarixi irsi haqqında Avropada daha güclü təbliğat aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri çox böyük əhəmiyyət daşıyır.

Fotoşəkillər - AzərTAc

Xəbər lenti

Xəbər lenti