...

İlham Əliyev Quba avtovağzalının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 24 Sentyabr 2011 15:03 (UTC +04:00)
Sentyabrın 23-də Prezident İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında iştirak edib.
İlham Əliyev Quba avtovağzalının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Sentyabrın 23-də Prezident İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, son illər ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu istiqamətdə nəinki paytaxt Bakıda, eyni zamanda regionlarda müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılıb. Bu avtovağzallardan biri də Quba şəhər avtovağzalıdır.

Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib. Ərazidə yaşıllıq salınıb, dekorativ ağaclar əkilib. Avtovağzal binasında sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb, müasir havalandırma sistemi quraşdırılıb.

Prezident İlham Əliyevə bildirildi ki, avtovağzal kompleksinin ərazisində əsas və köməkçi binalar inşa olunub. Binanın birinci mərtəbəsi əsas girişdən, ana və uşaq otağından, perrona iki çıxışdan, kassa otağından, kafedən, sahəsi 133 kvadratmetr olan zaldan ibarətdir. Binanın ikinci mərtəbəsində isə sahəsi 68,8 kvadratmetr olan iclas zalı, istirahət guşəsi və inzibati otaqlar yerləşir. İkimərtəbəli avtovağzal binasının fasadı yüngül profilli metal konstruksiyadan, şüşə və alkopon materialdan inşa edilib. Daxili divarlar və arakəsmələr isə mişar daşı və kərpicdən tikilib.

Diqqətə çatdırıldı ki, avtovağzal paytaxt Bakıya və əks istiqamətdə, o cümlədən Rusiyaya gedən avtobusların və sərnişinlərin buradan yüksək səviyyədə istifadəsi üçün bütün lazımi avadanlıqla təchiz edilib. 2011-ci ilin "Turizm ili" elan edilməsi və Quba rayonunun da turizm baxımdan cəlbedici ərazi olması buraya turistlərin axınını surətləndirib. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığına xidmət edəcək.

Prezident İlham Əliyev avtovağzalda avtobuslarla tanış oldu.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti