...

Hidayət Orucov: Qafqazda yaşayan xalqlar təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər

Siyasət Materials 29 Sentyabr 2011 12:01 (UTC +04:00)
Qafqazda yaşayan xalqlar dini problemlərlə yanaşı, bölgədəki münaqişələrin həlli, eləcə də terrorizm ideologiyasının qarşısının alınması istiqamətində səylərini gücləndirməli, təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər.
Hidayət Orucov: Qafqazda yaşayan xalqlar təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Qafqazda yaşayan xalqlar dini problemlərlə yanaşı, bölgədəki münaqişələrin həlli, eləcə də terrorizm ideologiyasının qarşısının alınması istiqamətində səylərini gücləndirməli, təcavüzə məruz qalmış qonşularını müdafiə etməlidirlər. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

"Təəssüf ki, Qafqazda Ermənistanın qonşusu Azərbaycana təcavüzkarlıq siyasətini davam etdirməsi bütün regionda sülh və sabitliyin bərqərar olunmasına, eləcədə tolerantlıq ənənələrinin möhkəmlənməsinə ciddi problemlər yaradır", - o qeyd edib.

Orucov bildirib ki, Azərbaycanda mövcud dinlər, eləcədə islam məzhəb və təriqətləri arasında münasibətlər yüksək səviyyədədir. "Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək ərazisində dini zəmində hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycanda müxtəlif dinlərin, məzhəb və təriqətlərin mənsubları qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir", - Komitə sədri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycandakı dini konfessiyalar bütün zərərli meyillərə, eləcə də ekstremizm ideologiyasına qarşı çıxış edir və birgə fəaliyyət göstərirlər.

"Bu gün regionda müsəlmanlar arasında nifaq toxumu səpilir. Məzhəb və təriqət ayrıseçkiliyi edilir. İslam dininin həmrəylik və humanizm ideologiyasına kölgə salınır. Təəssüf ki, bəzən bu cür hallar islam dünyasının daxilində gedən proseslərdən, müsəlmanların özlərindən qaynaqlanır. Belə vəziyyətdə dövlət və din münasibətlərinin tənzimlənməsi, dinlərarası dialoqun təşkili, tolerantlıq mühitinin qorunması daha böyük həssaslıq tələb edir", - Komitə sədri bildirib.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan və Rusiya din xadimləri, ilahiyyatçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti