...

Azərbaycan Parlamentinin deputatları İrana etirazlarını bildiriblər

Siyasət Materials 30 Sentyabr 2011 13:04 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatları payız sessiyasının bu gün keçirilən ilk iclasında İranda Urmiya gölünün qurudulması ilə bağlı İran Parlamentinə müraciət ediblər.
Azərbaycan Parlamentinin deputatları İrana etirazlarını bildiriblər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin deputatları payız sessiyasının bu gün keçirilən ilk iclasında İranda Urmiya gölünün qurudulması ilə bağlı İran Parlamentinə müraciət ediblər.

Trend-in məlumatına görə, iclasda millət vəkili Qənirə Paşayeva bildirib ki, Cənubi Azərbaycanda milyonlarla şəxsin taleyi ciddi şəkidlə sual altına düşür.

"Urmiya gölünün qurudulması tək o əraziyə deyil, bütün ətraf regionlara təsir edir. İran Parlamentinə müraciət etmək istəyirəm ki, orada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmasınlar", - Paşayeva deyib.

Onun sözlərinə görə, İranda etiraz edən azərbaycanlılar repressiyalara məruz qalırlar.

"Təklif edərdim ki, İranda Azərbaycana qarşı təbliğat aparan "Səhər" kanalına ayrılan vəsaitlər orada yaşayan azərbaycanlıların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsin", - Paşayeva deyib.

Millət vəkili Fəzail Ağamalı çıxışında bildirib ki, Urmiya gölünün artıq 7 metrə qədər quruması qeydə alınıb. Onun sözlərinə görə, 2-3 ildən sonra Azərbaycan tozda boğulacaq, gölün quruması Naxçıvana birbaşa təsir edəcək.

"10 milyon insan ekoloji təhlükə ilə üzləşəcək", - Ağamalı deyib.

Millət vəkili təklif edib ki, Milli Məclis İran parlamentinə bu fəaliyyətin qarşısının alınmasında iş görməyi ilə bağlı müraciət etsin. O qeyd edib ki, ehtiyac olsa, Azərbaycan da İrana öz kömək əlini uzada bilər.

Deputat Siyavuş Novruzov isə İranda yaşayan 30 milyon azərbaycanlını bu məslədə aktivliyə çağırıb. "Onlar ən azından Dağlıq Qarabağa İranın Qərbi Azərbaycan vilayətindən keçən maşınların qarşısını ala bilərlər", - millət vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti