...

Suriyadakı hadisələr ölkənin daxili problemləri çərçivəsindən kənara çıxıb – Türkiyə XİN

Siyasət Materials 5 Oktyabr 2011 17:06 (UTC +04:00)
Son yeddi ay ərzində Suriyada baş verən hadisələr artıq ölkənin daxili problemləri çərçivəsindən kənara çıxıb.
Suriyadakı hadisələr ölkənin daxili problemləri çərçivəsindən kənara çıxıb – Türkiyə XİN

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Son yeddi ay ərzində Suriyada baş verən hadisələr artıq ölkənin daxili problemləri çərçivəsindən kənara çıxıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çərşənbə günü jurnalistlərə bildirib. Məlumatı "TRT Haber" telekanalı yayıb.

"Türkiyə Suriya xalqının tələblərini dəstəkləyir və həmişə suriyalıların tərəfində dayanır", - nazir deyib.

Davudoğlunun sözlərinə görə, BMT TŞ-nin üzvləri arasında Suriya ilə bağlı fikir ayrılığı ölkədə sabitləşməyə təsir etmir.

"BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələr Suriyaya dair qətnamə ilə bağlı ümumi rəyə gəlməlidirlər", - Davudoğlu deyib.

Dünən Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar.

Səsvermə zamanı qətnamənin qəbul olunmasının lehinə doqquz ölkə səs verib, dörd ölkə isə bitərəf qalıb.

Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan çərşənbə günü Cənubi Afrika Respublikasına səfəri zamanı bəyan edib ki, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq.

Bundan əvvəl Türkiyə hökuməti sanksiyalar çərçivəsində Suriya Prezidenti və onun ailəsinin bütün aktivlərini dondurmağı qərara alıb.

Bununla yanaşı, əl-Əsəd rejiminə yaxın olan bir sıra şəxslərin Türkiyəyə girişinə icazə verilməyəcək.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti