...

AŞPA Ermənistanın 13 yaşlı azərbaycanlını qətlə yetirməsini kəskin pisləyən yazılı bəyanat qəbul edib

Siyasət Materials 6 Oktyabr 2011 13:20 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan, Ermənistanın 13 yaşlı azərbaycanlını qətlə yetirməsini kəskin pisləyən yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar.
AŞPA Ermənistanın 13 yaşlı azərbaycanlını qətlə yetirməsini kəskin pisləyən yazılı bəyanat qəbul edib

Fransa, Strasburq, 6 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan, Ermənistanın 13 yaşlı azərbaycanlını qətlə yetirməsini kəskin pisləyən yazılı bəyanata AŞPA-da təmsil olunan müxtəlif ölkələrdən olan millət vəkilləri də imza atıblar.

Trend-in məlumatına görə, millət vəkillərinin imzaladığı sənəd cümə axşamı AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub.

Assableyanın iclasında qurumun sədri tərəfindən elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi assambleyada yayılıb.

"Ermənistan Silahlı Qüvvələri 2011-ci ilin martın 8-də işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə hədəfə alaraq 9 yaşlı Azərbaycanlı oğlan Fariz Bədəlovu faciəvi şəkildə qətlə yetirdikdən sonra bu ilin iyul ayında yenidən bir uşağı faciəvi şəkildə qətlə yetiriblər. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsırhəd olan Əlibəyli kəndində 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyeva Ermənistanın qeyri-humanist və mənəviyyatazidd siyasətinin yeni bir qurbanı olmuşdur. Ermənistan tərəfi partladıcı qurğu quraşdırdığı oyuncağı bilərək kəndə gələn çaya buraxmışdır. Bu oyuncağı tapan Aygün onu evə gətirmiş və onun partlaması nəticəsində günahsız bir qız uşağı faciəvi şəkildə həlak olmuşdur. Uşaqların bu cür faciəvi qətlə yetirilməsi bir insanlıq faciəsidir", - sənəddə deyilir.

Yazılı bəyanatda vurgulanır ki, hər bir uşaq sülh şəraitində böyüməli və təhsil almalıdır. Amma 13 yaşlı Aygün Şahmalıyeva Ermənistanın təcavüzü nəticəsində bu hüqüqlarından məhrum olub. Bu faciə bəzi beynəlxalq təşkilatlar, o cümlədən YUNISEF tərəfindən pislənib.

"Hər bir uşağın qətlə yetirilməsinin böyük faciə olduğunu nəzərə alaraq, Assambleya Ermənistan tərəfindən 13 yaşlı azərbaycanlı qızın, Aygün Şahmalıyevanın faciəvi şəkildə qətlə yetirilməsini kəskin pisləyir və bu hadisədən dərin kədər, üzüntü hissi keçirdiyini bəyan edir", - yazılı bəyanatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti