...

Prezident İlham Əliyev: Ermənistan Dağlıq Qarabağ probleminin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir

Siyasət Materials 12 Oktyabr 2011 16:38 (UTC +04:00)
Oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olub.
Prezident İlham Əliyev: Ermənistan Dağlıq Qarabağ probleminin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin mətbuat konfransı olub.

Trend-in məlumatına görə, dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

Avstriyanın dövlət başçısını ölkəmizdə görməkdən bir daha məmnun olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan tərəfi bu səfərə böyük əhəmiyyət verir, çünki bu, Avstriya Federal Prezidentinin ölkəmizə ilk səfəridir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avstriya dövlətinin başçısına məlumat verdiyini qeyd edən Prezident İlham Əliyev deyib ki, BMT və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan məsələnin həllində qeyri-konstruktivlik göstərməkdə davam edir.

Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda münaqişə həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir və hazırda Azərbaycanda Avstriyanın 40 şirkəti fəaliyyət göstərir. Dövlətimizin başçısı bu ilin əvvəlində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" qaz dəhlizi üzrə qəbul edilən bəyannamənin əhəmiyyətinə toxunaraq deyib ki, indi Azərbaycanın təsdiq edilən qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu da həmin sahədə Avropa İttifaqı ilə əməkdaşlığa öz töhfəsini verəcək.

Mədəniyyət sahəsində də əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, bu, xalqlar arasında münasibətlərə böyük töhfədir.

Azərbaycana böyük heyətlə gəldiyini qeyd edən Avstriya Federal Prezidenti Haynts Fişer bunun ölkəsinin Azərbaycan ilə münasibətlərə verdiyi böyük əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı əmin olduğunu bildirib ki, Azərbaycana gələn hər bir kəs son illərdə burada əldə edilən uğurlardan məmnun olacaq.
"Avstriya Azərbaycan ilə diplomatik münasibətlər yaradan ilk ölkələrdəndir", - deyən Haynts Fişer ölkələrimizin enerji sahəsində əməkdaşlığına toxunub. Avstriya dövlətinin başçısı qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi etibarlı əllərdədir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi gözəl bazadır və bugünkü danışıqlar bir daha onu göstərib ki, Azərbaycan bu sahədə münasibətlərə böyük töhfə verir.

Ölkələrimizin bir çox sahələrdə iqtisadi əməkdaşlığının inkişaf etdiyini deyən Avstriya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti