...

Elxan Süleymanov: AVRONEST PA-nın İşçi Qrupunda siyasi qrupların yaradılması və onların imtiyazları müzakirə ediləcək (MÜSAHİBƏ)

Siyasət Materials 13 Oktyabr 2011 14:48 (UTC +04:00)
Toplantıda müzakirə ediləcək məsələlərlə bağlı Trend-in suallarını AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov cavablandırır.
Elxan Süleymanov: AVRONEST PA-nın İşçi Qrupunda siyasi qrupların yaradılması və onların imtiyazları müzakirə ediləcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

Toplantıda müzakirə ediləcək məsələlərlə bağlı Trend-in suallarını AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov cavablandırır.

- AVRONEST PA-nın Prosedur Qaydaları üzrə İşçi Qrupu barədə məlumat verməyinizi xahiş edirik.

- AVRONEST PA Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" (ŞT) ölkələrinin birgə parlament təsisatı kimi 2-3 may 2011-ci il tarixdə Brüsseldə təsis edilib. Onun qurumları kimi 4 komitə və 2 işçi qrupu yaradılıb. Bu Komitələrin və İşçi Qrupların içərisində Prosedur Qaydaları üzrə İşçi Qrupu Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu İşçi Qrupunun əsas vəzifəsi Assambleya və onun qurumları tərəfindən Prosedur Qaydalarının yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Bu işçi qrupu həmçinin Prosedur Qaydalarına düzəlişlərin edilməsi prosesini stimullaşdırmaq üçün Büroya yazılı təkliflər təqdim edə bilər. Göründüyü kimi, Prosedur Qaydaları üzrə İşçi Qrupu AVRONEST PA-nın çox vacib bir qurumudur. Odur ki, bizim üçün bu İşçi Qrupuna kimin sədr olacağı prinsipal xarakter daşıyırdı.

Təsadüfi deyil ki, AVRONEST PA təsis edilərkən bu İşçi Qrupuna ermənilər sədrlik etmək istəyirdi. Lakin bu Azərbaycanın maraqlarına cavab vermirdi. Odur ki, Azərbaycan nümayəndə heyəti qətiyyətlə bunun əleyhinə çıxış etdi və bildirdi ki, Ermənistan nümayəndə heyətinin üzvü Prosedur Qaydaları üzrə İşçi Qrupunun tək sədri ola bilməz. Bu qrupa sədr digər ölkələr - Ukrayna, Moldova, Gürcüstan ola bilər. Amma Azərbaycan ilə Ermənistanın təkbətək sədr olması düzgün deyil və yaxud ikimiz həmsədr ola bilərik. Ermənistan tərəfi bu İşçi Qrupuna çox maraqlı olduğundan hər ikimizin həmsədr olmasını qəbul etdi və beləliklə, biz Prosedur Qaydaları üzrə İşçi Qrupunun həmsədri kimi fəaliyyətə başladıq. Nəhayət, cari ilin 17 oktyabrında Prosedur Qaydaları üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək. Burada beş nəfər Avropa Parlamenti üzvü və beş nəfər ŞT ölkələri üzvləri təmsil olunur.

- İşçi Qrupunun ilk toplantısında hansı məsələlər müzakirə ediləcək və hər hansı qərarın qəbul edilməsi gözlənilirmi?

- Qeyd edildiyi kimi, 17 oktyabrda Prosedur Qaydaları üzrə İşçi Qrupunun ilk iclası baş tutacaq. Bu iclasda heç bir sənədin qəbul edilməsi gözlənilmir. İclasda İşçi Qrupun mandatı və AVRONEST PA-nın əsas sənədi olan Prosedur Qaydalarına bir sıra düzəlişlərin edilməsinin mümkünlüyü müzakirə ediləcək. Müzakirəyə çıxarılan təkliflər siyasi qrupların yaradılması və onların imtiyazları, Prosedur Qaydalarında mühüm maraqların təmin edilməsi, komitələrdə və plenar iclaslarda ayrıca düzəlişlərin qəbul edilməsi üçün zəruri səs çoxluğu və s. ilə bağlıdır.

Qeyd etməliyəm ki, bizim üçün xüsusi əhəmiyyət kəsb edən mühüm maraqların təmin edilməsi, o cümlədən komitələrdə və plenar iclaslarda ayrıca düzəlişlərin qəbul edilməsi üçün zəruri səs çoxluğu ilə bağlı məsələlərdir. Məsələ burasındadır ki, Prosedur Qaydalarının 4 və 16-cı maddələrində Şərqi Avropa Tərəfdaşlarının hər hansı nümayəndə heyəti AVRONEST PA qəbul edəcəyi qərarın öz ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini elan edərsə, bu zaman nümayəndə heyətləri arasındakı konsensusun olması tələb olunur. Burada hansı məsələnin həmin ölkə üçün "mühüm əhəmiyyət kəsb" etməsi ifadəsi tam açıqlanmayıb.

Ermənistan nümayəndə heyəti Prosedur Qaydalarındakı boşluqlardan istifadə edərək, AVRONEST PA-nın 14-15 sentyabr tarixli sessiyası zamanı son sənəddə ŞT ölkələrindəki münaqişələrlə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərarların təşviqi və icra edilməsinə, o cümlədən ŞT ölkələrinin dövlət suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı kimi prinsiplərə hörmət edilməsinə qarşı çıxdı. Bunların əvəzində son sənəddə xalqların sərbəst və demokratik yolla öz iradəsini ifadə etmək hüququnun göstərilməsini tələb etdi. Ermənistan nümayəndə heyətinin təklifləri qəbul edilmədi. Siyasi iflasa uğradığını anlayan Ermənistan nümayəndə heyəti bu məsələlərin ölkələri üçün "mühüm əhəmiyyət kəsb etdiyini" bəhanə gətirərək veto hüququndan istifadə etdi.

Odur ki, AVRONEST PA-nın ilk sessiyası zamanı Ermənistan nümayəndə heyətinin tutduğu destruktiv mövqe nəticəsində yaranmış presedent, sözsüz ki, Prosedur Qaydalarının göstərilən maddələrində müvafiq düzəlişlər edilməsini, hər hansı dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin dəqiq ifadə edilməsini zəruri edir. Biz Ermənistan tərəfinin müxtəlif bəhanələrinin qarşısını almaq üçün konkret təkliflər paketi hazırlamışıq. Mən müzakirələrdən əvvəl bu təklifləri açıqlamaq istəmirəm. Ümid edirəm ki, biz bu təkliflərin sonda Prosedur Qaydalarında əks edilməsinə nail olacağıq.

Müzakirəyə çıxarılacaq digər vacib məsələ komitələrdə və plenar iclaslarda səsvermə başlamazdan əvvəl AVRONEST PA-da Avropa Parlamentini təmsil edən ən azı iki siyasi qrupa daxil olan minimum on üzvündən və ya Şərqi Avropa Tərəfdaşlarının ən azı iki nümayəndə heyətindən olmaqla ayrı-ayrı tərkiblərdən gələn ayrıca düzəlişlərin qəbul edilməsi üçün zəruri səs çoxluğu ilə bağlıdır. Qeyd edim ki, belə hal üçün zəruri səs çoxluğu Prosedur Qaydalarının 16-cı maddəsinin 4-cü bəndində dəqiqliklə göstərilib. Lakin görünür ki, müxtəlif xarakterli, heç də həmişə obyektiv və konstruktiv olmayan təkliflərin qəbul edilməsində maraqlı tərəflər var. Yeri gəlmişkən belə tərəflərin olması şübhə doğurmur, onlarla bağlı bizdə kifayət qədər məlumatlar var. Onu deyə bilərəm ki, biz bu müddəanın dəyişməz qalmasına çalışacağıq.

Müzakirələr üçün digər ikinci dərəcəli təkliflər də var. Mən onlar üzərində dayanmaq istəmirəm. 17 oktyabrda Prosedur Qaydaları üzrə İşçi Qrupunun iclasında ölkəmizi Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev təmsil edəcək.

- Bir qurum olaraq AVRONEST PA-nı və Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini necə qiymətləndirirsiniz?

AVRONEST PA-ya Avropa İttifaqının ŞT ölkələri ilə birgə parlament təsisatı kimi xüsusi önəm verilir. Bu təşkilat artıq ciddi fəaliyyətə başlayıb. Hazırda bütün komitələrdə məruzələr üzrə müzakirələr aparılır, artıq bütün ŞT ölkələrinin nümayəndə heyətlərinə məruzələrin mövzuları təqdim edilib. Bu yaxınlarda bütün komitələrdə bu məruzələr üzrə məruzəçilər təyin ediləcək. Hər mövzu üzrə iki məruzəçi təyin olunacaq, biri ŞT, o birisi isə Avropa Parlamentinin üzvü olacaqdır. Əlbəttə ki, Azərbaycan üçün ən mühüm və maraqlı olan Siyasi Komitədir. Siyasi Komitədəki mövzulara üstünlük veririk. Belə ki, bu komitənin hazırlayacağı mövzulardan biri Avropa Şərq Tərəfdaşlığı ölkələrində regional təhlükəsizlik problemləri, digəri isə ŞT və Aİ ölkələrində demokratiyanın gələcəyi, eləcə də azad və müstəqil media ilə bağlı problemlərdir. Biz çalışacağıq ki, bu məruzələr üzrə həmməruzəçi olaq. Lakin bu məsələlər ŞT ölkələri və AP nümayəndələri arasında yaxın günlərdə müzakirə olunacaq. Komitələrdə hansı ölkələrə hansı məruzələrin verilməsi bu müzakirələr nəticəsində məlum olacaq.

Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın qurumlarının formalaşması mərhələsində uğurla fəaliyyət göstərdi. Avronestin 14-15 sentyabr tarixli ilk sessiyası da çox böyük uğurla başa çatdı. Ermənistan tərəfinin ərazi bütövlüyünü şübhə altına alan, enerji layihələrinə şərtsiz qoşulmaq, ŞT ölkələri arasında sərhədlərin açılması kimi təklif və düzəlişlərinin qarşısı alındı. Azərbaycan Büro iclasında çox gərgin və uzun müzakirələrdən sonra AVRONEST PA-nın ilk plenar sessiyasının ŞT ölkələri arasında Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsinə nail oldu. Bu sessiya 2-5 aprel 2012-ci ildə Azərbaycanda keçiriləcək. Bu, Azərbaycan üçün siyasi uğurdur.

Eyni zamanda, cari ilin 20-30 sentyabr tarixində Avropa İttifaqının Varşavada keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində prezidentlərin qəbul etdiyi bəyannamədə Azərbaycan Şərqi Avropa ölkəsi statusu aldı. Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. İnanıram ki, AVRONEST PA-da Azərbaycan nümayəndə heyəti həmişə ölkəmizin maraqlarını ardıcıl və davamlı şəkildə müdafiəsində fəallıqla fəaliyyət göstərəcəkdir. AVRONEST PA-da əldə etdiyimiz uğurlar isə Azərbaycanın Avropa Parlamentində mövqelərinin möhkəmlənməsinə yardım edəcək.

Xəbər lenti

Xəbər lenti