...

"Müstəqil Azərbaycan – 20: İqtisadi inkişaf yolu" kitabının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 14 Oktyabr 2011 12:00 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynovun müəllifi olduğu, Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan – 20: İqtisadi inkişaf yolu" kitabının təqdimatı keçirilib.
"Müstəqil Azərbaycan – 20: İqtisadi inkişaf yolu" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynovun müəllifi olduğu, Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycan - 20: İqtisadi inkişaf yolu" kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, Prezident Kitabxanasında keçirilən təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, ictimaiyyətə təqdim olunan kitabın məsləhətçisi YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, redaktoru isə "Səs" qəzetinin baş redaktoru, Azərbaycan İctimai-Siyasi Universitetinin baş müəllimi Bəhruz Quliyevdir.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbirdə çıxışı zamanı deyib ki, kitabda Azərbaycanın keçdiyi iyirmi illik inkişaf yolu öz əksini tapıb. Onun sözlərinə görə, kitab iqtisadi nailiyyətlər və hadisələr barədə düzgün və analitik prizmadan yanaşma tərzinə görə mühüm əhəmiyyətə malikdir.

Tədbirdə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının ötən iyirmi illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə tədqiqi materiallara geniş yer verilib.

YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında deyib ki, müstəqilliyin 20 ili ərzində əldə olunan nailiyyətləri təhlil edərək cəmiyyətə çatdırmaq olduqca vacib məsələdir.

"1991-ci ildə müstəqilliyin bərpa olunması barədə konstitusiya aktı qəbul olunduqdan sonra xalqımız qarşısında çox mühüm vəzifələr dayanmışdı. Bu vəzifələrdən biri də ictmai mülkiyyətə əsaslanan iqtisadi modeldən liberal iqtisadiyyata keçid olub. Bu olduqca çətin vəzifə idi və bu keçidi uğurla həyata keçirə bilmək böyük siyasətin tərkib hissəsi idi. Bu işin öhdəsindən ümummilli lider Heydər Əliyev layiqincə gəlib", - o əlavə edib.

Qurbanlı deyib ki, kitabda Azərbaycan iqtisadiyyatının dinamikası çox dəqiq şəkildə öz əksini tapıb.

"Burada iqtisadiyyatımızın indiki uğurlarına nail olmaq üçün keçdiyi çətin yollar öz əksini tapıb", - millət vəkili deyib.

Milli Məclisin üzvü Qənirə Paşayeva müəllifin müstəqillik illərində aparılan iqtisadi siyasətin içində olduğunu deyib və əlavə edib ki, iqtisadiyyat sahəsində keçmişdə görülən işlərin öyrənilməsi gələcək üçün olduqca vacibdir. O, müəllifə belə bir kitabı yazdığına görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Paşayeva kitabın hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, kitabda ona toxunulmasın.

Deputat Musa Qasımlı çıxışında qeyd edib ki, iqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi cəhətdən də müstəqil ola bilməz. O deyib ki, məhz Heydər Əliyev siyasətinin nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyinə də nail olunub.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib ki, Azərbaycanın iyirmi il ərzində iqtisadi cəhətdən nə qədər inkişaf etdiyi kitabda təhlil olunub.

"Müstəqilliyin ilk illərində Azərbaycanın dövlət büdcəsi "Real Madrid" klubunun büdcəsindən də az idi. Bu, müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının hansı vəziyyətdə olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı Heydər Əliyevin və Azərbaycan xalqının digər istedadlı oğullarının sayəsində həmin ağır vəziyyətdən çıxa bilib", - o qeyd edib.

Kitabın redaktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev da öz növbəsində kitabın əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycanın iqtisadi və siyasi cəhətdən inkişaf etməsi üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir.

Xəbər lenti

Xəbər lenti