...

İraq təkbaşına terrora qalib gələ bilməyəcək - vitse-prezident

Siyasət Materials 14 Oktyabr 2011 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İraq Kürd Fəhlə Partiyası (PKK) terror qruplaşması ilə mübarizədə cavabdehlik daşıyır, lakin ölkənin təkbaşına terrora qalib gəlməsi mümkün olmayacaq. Bu barədə İraqın vitse-prezidenti Tarik Əl-Haşimi deyib. Trend-in məlumatına görə, xəbəri Anadolu agentliyi yayıb.

"PKK ilə mübarizə məqsədilə İraq təhlükəsizlik qüvvələrinin Türkiyə ilə sərhədə cəmlənməsi terrorla mübarizənin çox da effektiv olmayan yoludur", - Əl-Haşimi bildirib.

O hesab edir ki, İraq,Türkiyə və İran göstərilən prosesdə əməkdaşlıq etməli və razılaşdırılmış şəkildə terrorla mübarizə aparmalıdır.

"Hələ də dövlətlər arasında terrorla mübarizə üzrə heç bir konkret saziş yoxdur", - vitse prezident bildirib.

Əl-Haşimi deyib ki, PKK ilə mübarizədə əməkdaşlıq yollarını müzakirə etmək üçün oktyabrın 23-də Türkiyəyə səfər edəcək.

Bir az əvvəl İraqın Baş naziri Nuri əl-Maliki terrorçu Kürd Fəhlə Partiyası (PKK) ilə effektiv mübarizə aparmaq üçün bu mübarizəyə İraqın təhlükəsizlik qüvvələrinin cəlb edilməsinin və xarici müdaxilədən qaçılmasının vacib olduğunu bəyan edib.

O, İraq təhlükəsizlik qüvvələrinin ölkənin şimalında cəmlənməsi ilə bağlı layihə təklif edib.

Türkiyə parlamenti ötən həftə Şimali İraqda sərhədyanı hərbi əməliyyatlar keçirilməsi barədə mandatı daha bir il uzadıb.

Türkiyə SQ avqust-sentyabr aylarında PKK-nın bazalarının məhv edilməsi məqsədilə İraqın şimalına onlarla aviazərbə endirib ki, nəticədə 300-dən artıq yaraqlı öldürülüb. Türkiyə ordusunun Baş qərargahı İraqın şimalında separatçıların fəaliyyətinin diqqətlə izlənməsini davam etdirəcək və yeni hədəflərin aşkar ediləcəyi halda hava əməliyyatları keçirəcək.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti