...

Prezident İlham Əliyev: Narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır

Siyasət Materials 17 Oktyabr 2011 12:30 (UTC +04:00)
XXI-ci əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən güclü təhdidlərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyev: Narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

XXI-ci əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən güclü təhdidlərdən biri kimi çıxış edir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq Konfrans iştirakçılarına ünvanladığı məktubunda Prezident İlham Əliyev deyib. Təbrik məktubunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.

"Müasir dünya hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından dərin narahatçılıq hissi keçirir. Azərbaycan da artıq 20 ildir ki, belə bir problemlə üzləşmişdir. Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq
terrorizmin genişlənməsinə şərait yaradır. Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi dəyərlərinin qorunması məqsədi ilə narkomanlıqla, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib", - İlham Əliyev məktubunda bildirib.

Dövlət başçısının sözlərinə görə, bu sahədə həyata keçirilən dövlət proqramları çərçivəsində zəruri qanunvericilik bazası yaradılıb, institusional islahatlar həyata keçirilib, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdunya Gömrük Təşkilatı ilə əməkdaşlıqda belə bir konfransın Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq tərəfdaş kimi etibarlılığını göstərir.

Prezident İlham Əliyev məktubunda bildirib ki, Ümumdunya Gömrük Təşkilatının Potensialın gücləndirilməsi üzrə regional ofisinin Bakıda açılması mühüm hadisə olmaqla yanaşı, bizim üçün önəmli bir tarixə, müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf edir.

"Əminəm ki, konfransda hamınızı narahat edən məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən fayfdalanmaq imkanı verəcək, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə işinə öz tövhəsini verəcək. Konfransın iştirakçılarına uğurlar diləyir və ən xoş arzularımı bildirirəm", - məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti