Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu oktyabrın 17-də Ankarada Suriyanın Milli Keçid Şurasının (MKŞ) üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər verib.
Məlumata görə, Davudoğlu MKŞ-nin nümayəndələri ilə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə Suriyadakı vəziyyəti müzakirə etdikdən sonra görüşüb.
Davudoğlu və MKŞ nümayəndələri Milli Şuranın Suriyada demokratiyanın bərqərar olmasına yönəlmiş planlarını müzakirə ediblər.
Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin XİN rəhbərləri bazar günü Suriya rəhbərliyini və müxalifətini ölkədə qan tökilməsinin qarşısının alınması üçün Qahirədə ƏDL-nin mənzil-qərargahında dialoqa başlamağa çağırıb.
ƏDL-in Qahirədə iclası Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (FKƏDƏŞ) təşəbbüsü ilə Qətərin sədrliyi ilə keçirilib.
ƏDL baş katibi Nabil əl-Ərəbinin məlumatına görə, Suriyaarası dialoqda iştirak etmək üçün həm Suriyanın daxilindəki, həm də onun sərhədlərindən kənardakı müxalifətin bütün qollarının nümayəndələri dəvət olunub.
Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, indiyə qədər toqquşmalar nəticəsində ölənlərən sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir. Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.
BMT-nin məlumatına görə, Suriyada toqquşmaların qurbanlarının sayı üç min nəfəri ötüb.